"Hazırda Şərq və Qərbi birləşdirən ticarət yolları ilə bağlı yeni reallıq formalaşıb. Şimal və cənub istiqamətləri, xüsusilə Rusiya və İran üzərindən keçən marşrutların tam səmərəli işləməməsi nəticəsində əsas yük Orta dəhlizin üzərinə düşür. Bu, artıq müşahidə etdiyimiz real vəziyyətdir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu vəziyyət həm ciddi məsuliyyət və risklər yaradır, həm də mühüm üstünlüklər təqdim edir. Ümumilikdə, təhlükəsizlik baxımından Orta dəhliz daha uyğun hesab olunur. Eyni zamanda iqtisadi rentabellik nöqteyi-nəzərindən də bu marşrut daha əlverişlidir. Çünki həm şimal, həm də cənub yolları ilə müqayisədə daha təhlükəsiz və daha qısa hesab edilir. Bu baxımdan, söhbət yalnız böyük dövlətlərin marağından getmir. Eyni zamanda bu marşrutdan faydalanmaq potensialı olan regionlar, o cümlədən Avropa İttifaqı da bu prosesdə maraqlı tərəf kimi çıxış edir. Onların maraqları bizim təşəbbüslərimiz və fəaliyyətimizlə üst-üstə düşür ki, bu da ümumilikdə müsbət haldır. İndiyə qədər bu marşruta maraq göstərən əsas aktorlar arasında Çin və Böyük Britaniya da yer alırdı. Əlbəttə, Rusiya və İran müəyyən mərhələlərdə bu prosesdən narazı olsalar da, yaranmış yeni reallıq onları da bu dəhlizdən bu və ya digər formada faydalanmağın qaçılmaz olduğunu qəbul etməyə vadar edir.
Ekspert qeyd edib ki, Avropa İttifaqının bu məsələyə artan marağı isə xüsusi əhəmiyyət daşıyır. Onların bu marşrutun inkişafında iştirak etməsi, maliyyələşməyə və sərmayə qoyuluşuna dəstək verməsi, üstəlik, layihəyə yalnız logistika kimi deyil, həm də enerji və rəqəmsal infrastruktur prizmasından yanaşması bu dəhlizin strateji əhəmiyyətini daha da artırır. Bu yanaşma Zəngəzur dəhlizi layihəsinin də önəmini yüksəldir. Avropa İttifaqının diqqətinin artması bu dəhlizin açılması və işlək vəziyyətə gətirilməsi üçün həm siyasi, həm də iqtisadi dəstəyin güclənməsini şərtləndirir. Eyni zamanda bu proses bütövlükdə Orta dəhlizin və Azərbaycanın regiondakı rolunu daha da möhkəmləndirir. Orta dəhliz eyni zamanda Azərbaycanın təhlükəsizliyi üçün də mühüm əhəmiyyət kəsb edir. Bu marşrut bölgədə sabitliyin təmin olunmasına ciddi töhfə verir. Şərq-Qərb logistik xətti vasitəsilə Azərbaycan həm dünyanın böyük sənaye mərkəzi olan Çinlə, həm də türk dövlətlərinin yerləşdiyi Orta Asiya regionu ilə, eləcə də Avropa məkanı ilə əlaqələrini daha da gücləndirir.
"Bu layihə yalnız iqtisadi və ticarət baxımından deyil, həm də siyasi baxımdan Azərbaycanın rolunu artırır, suverenliyinə əlavə dayaq yaradır. Bütün bu amillər bir araya gəldikdə isə bölgədə sabitliyin və sülhün qorunması həm regional, həm də qlobal güclərin ortaq maraq dairəsinə çevrilir", - deyə siyasi şərhçi vurğulayıb.
Səidə Ramazanova