EN

Bala dair sanitariya norma və qaydaları ilə bağlı yeni normativ sənəd hazırlanıb

Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qida və yem məhsullarının təhlükəsizliyi sahəsində dövlət siyasətinin formalaşdırılması və normativ tənzimləmənin həyata keçirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarı ilə “Bala dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi barədə yeni texniki normativ hüquqi akt layihəsi hazırlanıb.

Sənəd aidiyyəti qurumlarla razılaşdırılması, o cümlədən ictimai müzakirə üçün “Lisenziyalar və icazələr” portalına yerləşdirilib. Sahə mütəxəssisləri, sahibkarlar sənədlə tanış ola və öz fikirlərini bildirə bilərlər.

Yeni sənəd balın təhlükəsizliyi və minimum keyfiyyət göstəricilərini müəyyən edir və bu sahədə mövcud tənzimləmələri daha da təkmilləşdirir. Qaydalar Avropa İttifaqının müvafiq direktivləri və Kodeks Alimentarius Komissiyasının “bal standartı” sənədləri əsasında formalaşdırılıb.

Qaydalar balın bütün növlərinə – çiçək balı, gəzəngi (şirə) balı, şan balı, süzmə bal və digər formalarına şamil olunur. Sənəddə məhsulun tərkibi, istehsal üsulları, saxlanma şəraiti, daşınma qaydaları və etiketləmə tələbləri müəyyən edilib.

Yeni tələblərə əsasən, bala hər hansı kənar maddənin əlavə olunmasına yol verilmir, balın təbii xüsusiyyətləri qorunmalı və süni müdaxilələrə məruz qalmamalıdır, məhsulun saxlanması və daşınması zamanı temperatur və gigiyena qaydalarına ciddi riayət olunmalıdır, etiketləmə zamanı istehlakçılara düzgün və tam məlumat təqdim edilməlidir. Etiketlərdə “Bir yaşına qədər körpələrə bal verilməməlidir” xəbərdarlığı mütləq qeyd olunmalıdır.

Sənəddə həmçinin botanik mənşəyi məlum olan ballar üçün çiçək tozcuğu tərkibinə dair minimum göstəricilər müəyyən edilib ki, bu da məhsulun mənşəyinin müəyyən edilməsinə imkan verir.

Qaydaların tətbiqi bal istehsalında keyfiyyətin yüksəldilməsinə, saxta bal məhsullarının dövriyyəsinin qarşısının alınmasına, eləcə də istehlakçı hüquqlarının qorunmasına xidmət edəcək.

Əlavə məlumat üçün: https://lisenziya.gov.az/act-projects

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
4
xalqqazeti.az

5Sources