AZCON Holding-ə daxil olan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) sədrliyi ilə Avropa və Asiya Hava Hərəkəti Xidməti Təminatçıları Təşkilatının (SOCEA) yüksəksəviyyəli müşavirəsi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunub. Görüş hava hərəkətinin koordinasiyasının gücləndirilməsi və regionlararası əməkdaşlığın inkişafına həsr edilib.
Tədbirdə “Uzaeronavigatsia”, “Kyrgyzaeronavigatsia”, “Kazaeronavigatsia”, Türkiyənin Dövlət Hava Meydanları İdarəsi (DHMİ) və “HungaroControl” kimi aparıcı aeronaviqasiya xidmət təminatçılarının rəhbər şəxsləri iştirak ediblər. İştirakçılar idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, məlumat mübadiləsinin genişləndirilməsi və uçuş təhlükəsizliyinin artırılması istiqamətində aktual məsələləri müzakirə ediblər.
Müşavirə çərçivəsində regional və qlobal proseslərin hava hərəkətinə təsiri, həmçinin dəyişən şəraitdə əməliyyat davamlılığının təmin olunması yolları nəzərdən keçirilib. Bununla yanaşı, hava hərəkətinin idarə olunması, qurumlararası koordinasiya və qarşılıqlı fəaliyyət mexanizmlərinin daha da effektiv təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, bu cür görüşlər Avropa-Asiya istiqamətində artan hava nəqliyyatının daha koordinasiyalı şəkildə idarə olunmasına, eləcə də uçuşların təhlükəsiz və fasiləsiz həyata keçirilməsinə mühüm töhfə verir.
Xatırladaq ki, 2025-ci il sentyabrın 11-də Almatı şəhərində keçirilmiş SOCEA Baş Assambleyasında “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin direktoru təşkilatın prezidenti seçilib və sədrliyin Türkiyədən Azərbaycana ötürülməsi rəsmiləşdirilib.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”