Prezident İlham Əliyevin 24 aprel 2026-cı il tarixli “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamının Naxçıvan Muxtar Respublikası üzrə 144 şəxsə şamil olunacağı gözlənilir.
Hafta.az xəbər verir ki, onlardan 1-i İkinci Dünya müharibəsi iştirakçısı, 143 nəfəri isə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadları, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdir.
Qeyd edək ki, müvafiq Sərəncamla 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və sənəddə nəzərdə tutulan digər şəxslərin bank hesablarına köçürüləcək.