ABŞ və İran arasında gərginlik fonunda aparılan danışıqların növbəti mərhələsinin yenidən Pakistanda keçirilməsi gözlənilir.
Məlumata görə, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir və o, İslamabada yola düşəcək. Eyni zamanda Hörmüz boğazı ətrafında vəziyyətin gərgin olaraq qaldığı, dəniz hərəkəti ilə bağlı məhdudiyyətlərin davam etdiyi bildirilir.
Digər tərəfdən, ABŞ-ın da danışıqlar üçün öz nümayəndə heyətini bölgəyə göndərməyə hazırlaşdığı qeyd olunur. Tərəflər arasında əvvəlki mərhələlərdə əsas mübahisə mövzularının Hörmüz boğazı və regional təhlükəsizlik məsələləri olduğu vurğulanır.
Bu vəziyyət bir sıra sualları da gündəmə gətirir:
Danışıqların növbəti mərhələsi tərəflər arasında real yaxınlaşma yarada biləcəkmi? ABŞ və İran nəhayət ortaq məxrəcə gələ biləcəklərmi?
Turkustan.az bu sualları politoloq Züriyə Qarayevaya ünvanladı.

Züriyə Qarayeva
ABŞ–İran danışıqlarının növbəti mərhələsində əsas gözlənti tərəflərin maksimalist mövqelərdən qismən geri çəkilərək mərhələli və texniki razılaşma modelinə yönəlməsidir. Xüsusilə nüvə proqramı üzrə zənginləşdirmə səviyyəsinin məhdudlaşdırılması qarşılığında sanksiyaların qismən yumşaldılması kimi “addım-addım” yanaşma daha real görünür.
Eyni zamanda regional faktorlar, xüsusilə İsrailin təhlükəsizlik narahatlıqları və Körfəz ölkələrinin mövqeyi danışıqların dinamikasına ciddi təsir edir. ABŞ üçün əsas prioritet İranın nüvə silahına yaxınlaşmasının qarşısını almaqdırsa, İran üçün iqtisadi təzyiqin azaldılması və enerji ixracının bərpası həyati əhəmiyyət daşıyır.
Razılaşma tam və geniş formatda qısa müddətdə çətin görünsə də, məhdud və taktiki anlaşma ehtimalı kifayət qədər yüksəkdir. Çünki hər iki tərəf eskalasiyanın maliyyətinin artdığını anlayır və xüsusilə enerji bazarlarına təsir edən gərginliyin idarə olunmasına maraqlıdır. Lakin etimad böhranı, əvvəlki razılaşmaların pozulması təcrübəsi və daxili siyasi təzyiqlər prosesi kövrək edir.
Bu səbəbdən ən real ssenari geniş siyasi razılaşmadan əvvəl müvəqqəti və funksional kompromislərin əldə olunmasıdır.
Aytən Yaşar/ Turkustan.az