EN

Qərbin iki dastanında türk ə bir baxış

525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Aygün ORUCOVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

(AMEA Naxçıvan Bölməsi)

İctimai fikir tariximizin görkəmli siması, "Türkçülüyün atası" adlandırılan böyük ədib, publisist, maarifçi, görkəmli rəssam Əli bəy Hüseynzadə (1864-1940) Azərbaycan-türk-islam mənəviyyatını ilk dəfə olaraq Şərq-Qərb kontekstində birləşdirməyə çalışmış mütəfəkkir şəxsiyyətdir. Ədibin zəngin yaradıcılığının bir mühüm sahəsini də dünya və Azərbaycan ədəbiyyatının tədqiqi və türklüyə münasibət məsələləri təşkil edir.

Bu il Azərbaycan Prezidentinin Sərəncamı ilə 100 illik yubileyini qeyd etdiyimiz, 1926-cı ilin 26 fevralından 5 martına qədər Azərbaycanda keçirilmiş Birinci Türkoloji Qurultaya Türkiyə Cümhuriyyətindən dəvət olunmuş 4 nümayəndənin biri Əli bəy Hüseynzadə idi. Ə.Hüseynzadə qurultayda "Qərbin iki dastanında türk" adlı məruzəylə çıxış edib. Bu məruzə zamanında çox böyük maraq doğurmuş və elə həmin ildə kitab halında nəşr edilərək ictimaiyyətə çatdırılmışdı. "Qərbin iki dastanında türk" Portuqaliya şairi Kamoensin "Luziada" və İtaliya şairi T.Tassonun "Qurtarılmış Qüds" əsərlərində türkə münasibət məsələlərindən bəhs edir. Əslində isə rəmzlərlə yazılmış bu əsər 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və Sovet Rusiyası tərəfindən Azərbaycanın işğalı haqqında ittihamnamədir. Hər iki əsərin mövzusu xristian dövlətlərinin Şərq torpaqlarına təcavüzkarlığından bəhs edir. Müəllif 500 il bundan əvvəl Portuqaliya dənizçisi V.D.Qamanın Hindistanı kəşfi ilə 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycanın işğalını bir-birinə bağlayır. Böyük sənətkar "Luziada"dan elə bədii parçaları, fəsilləri, təsvirləri, mühakimələri əsərinə gətirir ki, bu hadisələr, təsvirlər onun öz müdaxiləsilə çox aktual siyasi hadisəyə yönəldilib. "Qərbin iki dastanında türk" əsərində bir-birinə qarşı duran iki dünyanın mübarizəsi təsvir olunub. Bu dünyanın biri Qərbin tamahkarlıq, qəsbkarlıq dünyası, o biri isə öz torpağını, varlığını qoruyan Şərq dünyasıdır. 

"Qərbin iki dastanında türk" Azərbaycan türklərinin azadlığı uğrunda çalışmağı haqq yolu kimi seçən Əli bəy Hüseynzadənin öz xalqı qarşısında son çıxışı, son sözləri idi. Bu çıxış böyük ədibin siyasi vəsiyyəti idi. Çünki xalqının istiqlaliyyəti məhv olmuş, vətəni Rusiya tərəfindən ikinci dəfə bolşevizm qiyafəsində işğal olunmuşdu. "Luziada" əsərindən Qamanın sərgüzəşti detalına müraciət Əli bəy Hüseynzadəyə erməni millətçilərinin Azərbaycan xalqına qarşı təşkil etdikləri soyqırımı ifşa etməyə imkan yaratmışdı. Böyük sənətkar T.Tassonun "Qurtarılmış Qüds" əsərində səlib müharibələrindən bəhs edərkən ədalətsiz müharibələri, xristian dövlətlərinin müsəlman xalqlarına qarşı təcavüzkar siyasətini pisləməklə yanaşı, milli heysiyyəti tapdanan xalqların öz torpağını, şərəfini qorumaq uğrunda mübarizəsinə də öz rəğbətini bildirmişdi. Əsərdə əsas iki xətt vardır. Birinci xətdə böyük ədib istibdadı, təcavüzü V.D.Qama, I Juan, Henri, IV Alfons, Kral Manuel, azadlıq və istiqlaliyyət ideyalarının tərənnümünü isə "Qurtarılmış Qüds" əsərində xristian müstəbidlərinin təcavüzkarlığının qurbanı olmuş Səlcuq hökmdarı Süleyman, türk qəhrəmanı Aldəmir, Səlahəddin Eyyubi obrazlarında təsvir edib.

"Luziada" əsərinin baş qəhrəmanı Vasko da Qama XVI əsrdə Hindistan və Afrika xalqlarına zülm edən, əsarətə məruz qoyan müstəmləkəçi obrazıdır. Ə.Hüseynzadənin təqdimatında "müsəlmanlara qarşı kin və xüsumətini gizli saxlayan" Şaumyanın, onun "mücahidatı-bəhriyyəsini ittixaz edən" Venera və dəniz nereidləri də daşnak bolşevik diktaturasının obrazlarıdır. XV əsrdə portuqaliyalılar Hindistana bir əlində qılınc, digər əlində xaçla gəlmişdilər. Lakin elə ki, Hindistanı işğal etdilər, xaçı kənara atdılar, ciblərini qızılla doldurdular, xalqın sərvətini taladılar. Eynilə, 1920-ci ildə Rusiya bolşevikləri də Azərbaycana bir əlində silah, bir əlində oraq-çəkiclə gəldilər, lakin Azərbaycanın işğalından iki gün sonra ölkədə talan həftəsi başladı. Çünki məqsədləri Azərbaycanda bolşevizmi yaymaq deyil, onun neftini, sərvətlərini Rusiyaya daşımaq idi. Deməli, müxtəlif dövrlərdə avropalıların müstəmləkəçilik üsulları, Yaxın Şərqə qarşı münasibətləri, demək olar ki, eyni olub.

Böyük sənətkar əsərdə V.D.Qamanın qanlı portreti ilə erməni millətçilərinin rəmzi obrazını yaradıb. Lakin o, təkcə bir əsrin qəsbkar, qəddar obrazı deyil. V.D.Qamada hər bir dövrün müstəbidi öz surətini, xarakterik cəhətlərini görə bilər. Əli bəy Hüseynzadə əsərdə Lenin hökumətinin çar Rusiyasının müstəmləkəçilik ənənələrini davam etdirməsini açıqlamışdı. Bu ənənə I Pyotrun məşhur vəsiyyətnaməsi idi. Ədib, Pyotrdan sonra gələn rus çarlarının Qafqaza təcavüzünə ustalıqla toxunaraq, onları Pyotr siyasətinin davamçıları, Lenini də Pyotrun ənənələrinin layiqli varisi kimi təqdim edir. Ə.Hüseynzadə Romanovlar sülaləsinin hökmdarlarını "Luziada"dan gətirdiyi Burqundskilər sülaləsinin görkəmli kralları I Henrinin, I Alfonsun, I Juanın, II Juanın simasında ifşa edir. Əsərdə Hindistanın "Malabar ölkəsində hökmdar olan kralların sonuncusu" Sarama Perimal M.Ə.Rəsulzadənin rəmzi obrazıdır. Görkəmi ədibimiz onun mənəvi təkamülünə, yüksək əqidəsinə, türkçülüyünə, xalqın səadəti uğrundakı fəaliyyətinə elə rəmzi ifadələrlə işarə edir ki, Rəsulzadə oxucunun təsəvvüründə dolğun səciyyəli siyasi, ictimai xadim kimi canlanır. Ədib əsərdə Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna və M.Ə.Rəsulzadənin hakimiyyəti bolşeviklərə müqavimətsiz təhvil verməsindən danışaraq yazır ki, Sarama Perimal "bütün əmlak və ərazi üzərində haqqından əl çəkib bunları başqalarına ehsan və təbərrü etmiş bulunuyordu. Nagah o sırada hökmdarın pək ziyadə məzhəri-təvəccöh və məhəbbəti olan bir dəliqanlı hüzuri-humayununa çıxıyor. Buna da ta o dövrdə məşhur və zəngin bir bəldə olan Kalikut şəhri ehsan olunuyor. Əsərdə dəliqanlı hind naziri Samurinlərin (Azərbaycan bolşevikləri nəzərdə tutulur) vükəlasından olan Katual isə N.Nərimanovun obrazıdır. Şeytanın portəgizlərin işğalçılıq məqsədilə Hindistana gəlmələri haqqında dediyi həqiqətlər Katualı vahiməyə salır. Bu günə qədər gördüklərini röya hesab edən "islam alimi"nin bütün vücudu lərzəyə düşür. O, yatağından dərhal qalxaraq xidmətçilərinə işıq gətirdir. İşıq burada rəmzi məna daşıyır, bu işıq ona ətrafındakı hadisələri dərk etməyə kömək edir. İşıqla Katual hər şeyi - limanlarına gəlmiş əcnəbilərin öylə yüksək insani fikirlərlə deyil, kəşf olunan məmləkətləri istila niyyətilə gəlmiş olduqlarını görür.

Əsərdə müstəmləkəçiliyin, işğalların ifşası ilə yanaşı, əsarətə, müstəmləkəçiliyə qarşı mübarizənin təbliği də ön plana çəkilib. Müəllif bu ideyanı "Luziada"dan əsərinə gətirdiyi İnes de Kastronun müsibətlərindən bəhs olunan epizodun təsvirində aydın əks etdirib. Bu məqama diqqət yönəltməklə Ə.Hüseynzadə vətənin azadlığı, istiqlaliyyəti uğrunda "cəsuranə hərb edən həmvətənlərinin" qəhrəmanlıqlarının tarixə yazılacağına, adlarının əbədi yaşayacağına işarə etmişdi.

Əsərdə Adamastor obrazı ən maraqlı, rəmzi obrazlardandır. "Luziada"da Adamastor "Ümid burnu"nun mühafizi "Fırtınalar devi"ni təmsil edir və bu ad təbiətdə gizlənmiş bəd başlanğıcı təqdim edir. Əli bəy Hüseynzadənin Adamastoru isə "dənizlərin, dağların arasında uzanıb yatan qoca bir dağ kütləsi" - Azərbaycanın parlaq timsalıdır. Onun əsərə gəlişində böyük əzəmət, qalib sərkərdələrə məxsus vüqar duyulur. "Vaxtilə allahlarla cəngə tutuşmuş olan bu əjdər" sonralar müdhiş bir fəlakətə uğrayıb buraya düşmüşdü. Adamastor Thetisə - azadlığa eşqi üzündən daşlaşan, cəsim bir qayalığa çevrilən şərəfli bir ölkənin - Azərbaycanın obrazı kimi təqdim olunur. O, fəlakətə uğrayıb əsarət üzündən daşlaşsa da, azadlıq uğrunda mübarizə eşqi, intiqam hissi onda sönməmişdir. Əksinə, Adamastor "cəsim qayalıqların hizasında dəhşətli boranlarla bərabər havada dəvandəm mühib bir xəyalətə dönüb", düşmənin önünə dikilərək, qorxunc sədası ilə onu "tədhiş və təhdid" edir.

T.Tassonun "Qurtarılmış Qüds" poeması türkçülük ruhuna görə Kamoensin "Luziada"sına cavab olaraq yazılmışdı. Kamoens Portuqaliyanın tarixi keçmişini, qəhrəmanlığını vəsf edərkən əsarət altına alınmış türk xalqlarının faciəsini görə bilməmişdi. Tasso isə məhkum xalqların faciəsini görür və yanırdı. Tasso səlib müharibələrində din uğrunda mübarizələrə atılan Qodefroilərdən başqa doğma vətəni uğrunda mübarizə aparan Səlahəddin Eyyubilərin, Süleymanların, Aldəmirlərin də qəhrəmanlığını görürdü. Buna görə də o öz əsərində müsəlman xalqlarının da möhtəşəm obrazlarını yaratmışdı. Şair türk xalqlarının azadlıq eşqini əsərin baş qəhrəmanı Süleyman obrazında cəmləşdirir. Misir torpağının sərkərdəsi Süleyman öz ağlı və uzaqgörənliyi ilə xristian sərkərdəsi Qotfriddən yüksəkdə durur. Tassoda humanizm, ümumbəşəri hisslər bütün başqa hisslərdən üstündür. O, Kamoensdən fərqli olaraq, poemada türklərə dərin hörmət və rəğbət bəslədiyini açıq-aşkar ifadə edir. Ə.Hüseynzadə də Tassonu məhz bu xüsusiyyətinə görə yada salmışdı.

Əli bəy Hüseynzadə vətəninin, xalqının ağır günlərində Tasso çağırışı ilə Azərbaycana gəlir, öz məramını da Tasso əsərinin ideyaları ilə açır. Dahi sənətkarın xalqına vəsiyyəti kimi səslənən bu əsərdə Azərbaycan xalqına istiqlaliyyət uğrunda mübarizə yolları göstərilib: "Ey mənim dinimin salikləri! Düşmənin şərrindən həzər ediniz! Sizə bir fəlakət hazırlamaq üçün əmvaci-ümmanın mavərasından gələn şu düşmən qövmə əmniyyət etməyiniz. Hənuz təhlükə qabili-ictinabdır!" Bu sözlərdə dərin bir hikmətlə bərabər, xalq üçün döyünən alovlu bir qəlbin böyük narahatçılığı, yalvarışı var idi. Əli bəy Hüseynzadə Şərq xalqlarının milli şüurunu öldürən "Bütün ölkələrin proletarları, birləşin!" - şüarını xalqının müdafiə edəcəyindən qorxurdu. Böyük ədib xalqını bu bəladan, bolşevizm təhlükəsindən xilas etmək istəyirdi. O, çox böyük siyasi uzaqgörənliklə gələcəyi görürdü. Böyük ədib işğalçılara qarşı mübarizə aparmağa, ayıq olmağa çağırır, bolşevik qiyafəsində gələnləri xalqına tanıtdırır, onların, əslində, azadlıq və istiqlaliyyət düşməni olduqlarını tarixi keçmişə nəzər salmaqla isbatlayır: "Əmin olunuz ki, güruhi-cühəlanın gözünə girmək üçün gündə bir məslək dəyişdirərək pərvətə kimi qəlibdən-qəlibə, şəkildən şəklə düşən bu düşmənlər irz və namus pərdəsi altında zavallı xalqın varını, yoxunu qəsb və qarət edənlərdir... Düşmənin şərrindən həzər ediniz!" Bolşevizm əleyhinə ittiham aktı kimi səslənən bu əsər Əli bəy Hüseynzadənin  böyük cəsarətlə yazılmış siyasi, bədii, mənəvi qələbəsi idi.

Böyük sənətkar əsərdə müstəmləkəçiliyin törətdiyi zülm və əsarət faktlarını sadəcə qeyd etməklə kifayətlənmir, insanları öz haqları, azadlıqları uğrunda mübarizə etməyə israrla səsləyir: "Hüzur və rahatı başqa günlərə, başqa məsud zamanlara burax. Şimdi əziz vətəninin sevgili təbanı əcnəbi boyunduğu altında inləyib duruyor. Uyğu zamanı deyildir!" Əli bəy Hüseynzadənin bu əsəri xalqını əsarətə qarşı mübarizəyə çağırış hissilə yazılmış mənsur himnə çevrildi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
525.az

1Sources