EN

MDB-də vahid statistik birliyin formalaşdırılması üzrə layihənin icrası müzakirə olunub  

Aprelin 24-də Qırğızıstanın Çolpon-Ata şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının növbəti 75-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə təşkilatın İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın statistika xidmətlərinin rəhbərləri və səlahiyyətli nümayəndələri, həmçinin MDB İcraiyyə Komitəsinin, MDB Dövlətlərarası Statistika Komitəsinin, Avrasiya İqtisadi Komissiyasının və BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndələri iştirak ediblər.

Şuranın və MDB Statistika Komitəsinin 2025-ci ildə fəaliyyəti, o cümlədən “MDB statistikasının inkişafı” layihəsinin icrası məsələləri iştirakçıların əsas müzakirə mövzusu olub. Birlik məkanında statistik metodologiyanın inkişafı, beynəlxalq statistika qovşağının yaradılması, modelləşdirmə və proqnozlaşdırma üçün mikroməlumatlardan istifadə, həmçinin MDB çərçivəsində vahid statistik birliyin formalaşdırılması layihənin əsas məqsədləri kimi müəyyən edilib.

Bundan əlavə, iclasda 2030-cu ilədək MDB-nin iqtisadi inkişaf strategiyasının ikinci mərhələsinin (2026–2030-cu illər) həyata keçirilməsi üzrə tədbirlər planında statistika sahəsində nəzərdə tutulan məsələlər də müzakirə olunub.

İclasın yekununda müvafiq qərarlar qəbul olunub.

Chosen
26
2
azerbaijan-news.az

3Sources