Qadın güləşi üzrə Azərbaycan millisinin üzvü Jalə Əliyeva Albaniyada bürünc medal qazanmaqla yenidən Avropa üçüncüsü olub.
Arena.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada təşkil edilmiş güləş üzrə Avropa çempionatı davam edir.
Yarışın beşinci günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.
Jalə Əliyeva bürünc medal uğrunda görüşdə belaruslu Arina Demçankayla üz-üzə gəlib. Rəqibinə “tuş”la qalib gələn həmyerlimiz fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Bu, Jalənin böyüklər arasında analoji yarışda üçüncü (1 gümüş, 2 bürünc) medalı olub.
Digər iki güləşçimiz isə 5-ci yerlə kifayətlənib. Ruzanna Məmmədova (62 kq) həlledici qarşılaşmada almaniyalı Naemi Laystnerə (2:5), Birgül Soltanova (65 kq) isə türkiyəli Beyza Akkuşa (2:4) məğlub olub.
Beləliklə, qitə birinciliyinə 5 idmançıyla qatılan qadınlardan ibarət millimiz yarışı 2 bürünc medalla başa vurub. Xatırladaq ki, ötən gün Günay Qurbanova (59 kq) da Avropa üçüncüsü olmuşdu.
