EN

Günün 24 saatı elektrik istehsal edən taxta hazırlandı

Təbii mikro kanal düzümünə görə seçilən balza ağacı yüksək texnologiya ilə işlənilərək avtonom bir enerji sisteminə çevrilib. Bu material günəş enerjisinin 91,27%-ni istifadə edilə bilən istiliyə çevirmək qabiliyyətinə malikdir.

Milli.Az xəbər verir ki, tədqiqat qrupu ağaca sərtlik verən liqnin komponentini kənarlaşdıraraq onun məsaməliliyini 93%-dən çox artırıb. Açılan mikro kanallar günəş işığının bütün spektrini (ultrabənövşəyi, görünən və infraqırmızı) udan ultra-nazik qara fosforen təbəqəsi ilə örtülüb. Oksidləşmənin qarşısını almaq üçün bu təbəqələr molekulyar qalxanla qorunub və işıq udulmasını artırmaq üçün gümüş nanopartikullar əlavə edilib.

Qaranlıqda elektrik istehsalı necə təmin edilir?
Bu texnologiyanın ən heyrətamiz tərəfi günəş batdıqdan sonra da enerji istehsalını dayandırmamasıdır:

İstilik depolama: Ağac kanalları əriyən zaman istiliyi toplayan, bərkiyən zaman isə onu geri buraxan "stearik turşu" ilə doldurulub.

Fasiləsiz dövrə: Sistem termoelektrik generatorla birləşdirildikdə, standart günəş işığı altında 0,65 V gərginlik istehsal edir. Günəş batdıqda isə depolanan istilik tədricən ayrılır və temperatur fərqi qorunaraq elektrik istehsalı 24 saat davam edir.

Yanğına davamlı və "Suya nifrət edən" xüsusiyyət
Laboratoriya testləri göstərib ki, material 100 isinmə və soyuma dövrəsindən sonra belə öz xüsusiyyətlərini qoruyur:

Süperhidrofobik: Material 153 dərəcəlik təmas bucağı ilə suyu tamamilə itələyir.

Yanğın müqaviməti: Yanğına qarşı yüksək müqavimət göstərir və alovlandıqda iki dəqiqə ərzində öz-özünə sönür.

Lalə Qüdrətova
Milli.Az

Chosen
27
2
milli.az

3Sources