EN

“30 illik işğal dövrü Azərbaycanın mədəni irsi üçün ağır itkilərlə yadda qalıb”

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanın uzun illər işğal altında qalan ərazilərində mədəni irsə qarşı həyata keçirilmiş dağıntılar təkcə maddi itkilərlə məhdudlaşmır, eyni zamanda xalqın tarixi yaddaşına və mənəvi dəyərlərinə ciddi zərbə kimi qiymətləndirilir. Xüsusilə Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonları kimi bölgələrdə yüzlərlə tarixi-dini abidənin məqsədyönlü şəkildə dağıdıldığı, talan edildiyi və mənimsənildiyi ilə bağlı çoxsaylı faktlar mövcuddur. Rəsmi məlumatlara əsasən, işğal dövründə yüzlərlə məscid, türbə, qəbiristanlıq və digər dini-mədəni abidələr ya tamamilə məhv edilib, ya da ciddi şəkildə zədələnib. Qəbiristanlıqların sistemli şəkildə təhqir olunması, qəbirlərin qazılması, qəbir daşlarının sındırılması və ya oğurlanması bu prosesin yalnız fiziki deyil, həm də mənəvi və etik dəyərlərə qarşı yönəldiyini göstərir. Hətta bəzi məscidlərin heyvandarlıq məqsədləri üçün istifadə olunması bu abidələrin müqəddəsliyinə qarşı açıq hörmətsizlik nümunəsi kimi qiymətləndirilir. Son illərdə Cənubi Qafqaz regionunda mədəni irsin qorunması, tarixi abidələrin mənsubiyyəti və onların autentikliyi ilə bağlı müzakirələr daha da aktuallaşıb. Xüsusilə Ermənistan ərazisində yerləşən müxtəlif dövrlərə aid Azərbaycan tarixi-dini irsinin taleyi ciddi mübahisələr doğurmaqdadır. İrəvanda yerləşən Şah Abbas, Sərdar, Hacı Novruzəli və Göy məscidləri kimi abidələrin ya dağıdılması, ya da dəyişdirilərək fərqli kimlik altında təqdim olunması bu müzakirələrin əsas istiqamətlərindən birini təşkil edir. Bununla yanaşı, Qafqaz Albaniyası dövrünə aid bəzi dini-mədəni abidələrin sonradan erməni irsi kimi təqdim edilməsi də elmi və ictimai dairələrdə geniş debatlara səbəb olur.Milli Məclisin deputatı Elman Nəsirov Demokrat.az-a açıqlamasında söyləyib ki, Ermənistan ərazisində yerləşən tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən vandalizm halları törədilib:“Həmin ərazilərdə tarixi Şah Abbas məscidi məhv edilib, Hacı Novruzəli məscidi isə tamamilə yer üzündən silinib. Göy məscid isə əsaslı şəkildə restavrasiya olunsa da, onun ilkin tarixi və dini mahiyyəti dəyişdirilərək fərqli məqsədlər üçün istifadə edilib. 30 illik işğal dövründə Azərbaycanın tarixi, mədəni və dini abidələrinə ciddi ziyan vurulub. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Kəlbəcər və digər işğal altında olmuş ərazilərdə yüzlərlə abidə dağıdılıb. Qəbiristanlıqlarda olan məzar daşlarının sökülərək aparılması, hətta bəzi hallarda qəbirlərdəki əşyaların, o cümlədən qızıl dişlərin belə talan edilməsi kimi hallar qeydə alınıb. Bu faktlar azərbaycanlılara və ümumilikdə türk dünyasına qarşı nifrətin təzahürü kimi qiymətləndirilir. Bundan əlavə, işğal dövründə dini abidələr də ciddi şəkildə dağıdılıb və təhqir edilib. Məscidlərdə heyvanların saxlanılması kimi hallar baş verib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, bu, ümumilikdə müsəlman dünyasına qarşı hörmətsizliyin və nifrətin göstəricisidir”.O deyib ki, bəzi hallarda bu davranışlar, İkinci Dünya müharibəsi dövründə alman faşistlərinin dini abidələrə qarşı etdikləri vandalizm aktları ilə müqayisə edilir:“Nürnberq tribunalı da həmin dövrdə dini və mədəni irsə qarşı törədilən belə əməlləri cinayət kimi qiymətləndirmişdir. Bu baxımdan, məscidlərdə heyvanların saxlanılması kimi halların insanlıqdan uzaq davranış nümunəsi olduğu bildirilir və faşist əməllərlə müqayisə olunur. Bütün bu faktlar fonunda Ermənistan tərəfinin Azərbaycanın guya onların mədəni irsinə zərər vurması ilə bağlı iddiaları əsassız, saxta və reallıqdan uzaqdır. Əksinə, mövcud faktlar Ermənistanın Azərbaycanın mədəni, tarixi və dini irsinə ciddi və bərpaolunmaz ziyan vurduğunu göstərir. Bəzi abidələrin isə ümumiyyətlə əvvəlki vəziyyətinə qaytarılması mümkün deyil. Bu səbəbdən, bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”.Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Cənubi Qafqazda azərbaycanlılara məxsus mədəni irsin talan edilməsi, dağıdılması, özününküləşdirilməsi və ümumiyyətlə yer üzündən silinməsi çox təəssüf ki, məqsədyönlü şəkildə erməni millətçiləri, daşnaklar və Ermənistan dövləti tərəfindən həyata keçirilib:“Həm hazırkı Ermənistan ərazisində bu proses bir əsr boyunca, hətta ondan əvvəl 1828-ci ildə İrəvan xanlığının tamamilə Rusiya imperiyasına ilhaqından sonra bu ərazidə erməniləşdirmə siyasətinin həyata keçirilməsi ilə başlamış və sonradan daha intensiv şəkildə davam etdirilib. Sovetlər dönəmində isə bu proses daha da sürətlənib. Hazırda İrəvan şəhərində Azərbaycana məxsus mədəni irsin çox az hissəsi qorunub saxlanılıb və mövcud abidələrin də demək olar ki, tamamilə məhv edilməsi müşahidə olunur. 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalından sonra Azərbaycan ərazilərində xüsusilə Qarabağ və Şərqi Zəngəzurda mədəni irsin də talan edilməsi və dağıdılması həyata keçirilib. Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra bu faktlar daha aydın şəkildə ortaya çıxıb. Faktiki olaraq, şəhərlər, rayonlar və kəndlər yer üzündən silinmiş, mövcud qəbiristanlıqlar, məscidlər və kilsələr tamamilə dağıdılıb. Hətta Azıx mağarası ilə bağlı da onun tarixi kimliyinin təhrif edilməsi və türk izinin silinməsi halları müşahidə olunur. İşğal dövrü başa çatdıqdan sonra Azərbaycan dövləti bu məsələləri beynəlxalq məhkəmələr qarşısında qaldırıb, çoxsaylı fakt və sübutlar təqdim edib. Sonrakı mərhələdə sülh gündəliyi çərçivəsində bu proseslər müəyyən qədər dayandırılıb. Çünki Azərbaycan bir çox hallarda hüquqi müstəvidə üstünlük əldə edirdi”.O qeyd edib ki, mədəni irsin qorunması, xüsusilə də Ermənistan ərazisində qalan Azərbaycan irsinə sahib çıxılması məsələsi beynəlxalq təşkilatlar qarşısında davamlı şəkildə qaldırılmalıdır:“Bu prosesdə diaspor təşkilatlarının da rolu xüsusi əhəmiyyət daşıyır. Vətəndaş cəmiyyəti nümayəndələri də daha aktiv olmalı, məsuliyyəti yalnız dövlətin üzərinə qoymamalıdırlar. Hər bir Azərbaycan vətəndaşı bu istiqamətdə fəallıq göstərməli, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdır. Eyni zamanda, təəssüf ki, “UNESCO” və mədəni irsin qorunmasına cavabdeh digər beynəlxalq təşkilatlar bu məsələdə kifayət qədər passiv mövqe nümayiş etdirirlər və ikili standartlara yol verirlər. Bu səbəbdən Azərbaycan vətəndaş cəmiyyəti, diaspor nümayəndələri və xaricdə yaşayan azərbaycanlılar mütəmadi olaraq bu təşkilatlar qarşısında məsələ qaldırmalı, obyektiv yanaşma tələb etməlidirlər. Çünki uzun illər ərzində Ermənistan tərəfi və erməni diasporu tərəfindən bəzi tarixi faktlar təhrif olunub, nəticədə beynəlxalq ictimai rəyin formalaşmasında yanlış təsəvvürlər yaranıb. Bu isə bir çox hallarda müraciətlərin ciddi qəbul olunmasına mane olur. Halbuki bu coğrafiyada yaşayan azərbaycanlılar, Azərbaycan türkləri tarixən müxtəlif dinlərə sitayiş edib, bu gün də müxtəlif dini inanclara sahib olan azərbaycanlılar mövcuddur. Bu baxımdan mədəni irs məsələsinə daha geniş və obyektiv yanaşma tələb olunur. Mövcud faktlar və sübutlar kifayət qədərdir. Bu həqiqətlər yalnız diplomatik kanallar vasitəsilə deyil, həm də sosial media və digər informasiya platformaları üzərindən dünya ictimaiyyətinə mütəmadi şəkildə çatdırılmalıdır”.Leyla Turan

Demokrat.azQeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqamətində hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
demokrat.az

1Sources