Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik edilib.
XİN-dən verilən məlumata görə, iştirak üçün müraciətlərə baxılması qaydalarında əlavə yenilik edilib.
Bildirilib ki, cari tədris ilinin sonuna qısa müddət qaldığı, ali təhsilini başa vurmaqda olan şəxslərin çoxsaylı müraciətləri, həmçinin mərhələli müsabiqə prosesinin müddəti nəzərə alınaraq, ali təhsilini cari tədris ilində başa vuran tələbələrin müsabiqədə iştirak üçün qeydiyyata buraxılmasına şərait yaradılıb. Bununla əlaqədar, Dövlət İmtahan Mərkəzi (DİM) ilə birlikdə qeydiyyat sistemində müvafiq texniki uyğunlaşdırma aparılıb.
Vurğulanıb ki, bu yeniliklə əlaqədar müsabiqə prosesinin digər mərhələlərində və ümumi şərtlərində hər hansı əlavə dəyişiklik nəzərdə tutulmur. Belə ki, müsabiqə mərhələlərinin nəticələrindən asılı olaraq yekunda uğur qazanan namizədin işə qəbul olması üçün müəyyən edilmiş sənədlərin (o cümlədən, müvafiq ixtisas üzrə ali təhsil barədə təsdiqedici sənədlər) təqdim edilməsi zəruridir.
Müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet portalında “Xarici İşlər Nazirliyinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün onlayn qeydiyyat xidməti” mövcuddur.
Qeyd edilib ki, müsabiqədə iştirak üçün qeydiyyat 10 may 2026-cı il saat 18:00-dək davam edəcək.
Müsabiqə prosesi barədə daha ətraflı məlumatla bu keçiddə tanış olmaq mümkündür.