EN

Qəbələdə tarixi görüş: İlham Əliyev və Zelenski təkbətək masada – hansı qərarlar çıxacaq?  

Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycana işgüzar səfərə gəlib. Ukrayna prezidentinin səfəri çərçivəsində Qəbələ şəhərində Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşü keçirilir.

Zelenskinin Azərbaycana ilk səfəri hansı strateji mesajları özündə ehtiva edir?

Mövzu ilə bağlı millət vəkili Hikmət Babaoğlu Musavat.com-a danışıb. Millət vəkili qeyd edib ki,  Zelenskinin Azərbaycana səfəri hər şeydən əvvəl ikitərəfli Ukrayna–Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir:

"Bu səfər hər iki ölkənin maraqları kontekstində xüsusi əhəmiyyət daşıyır və strateji baxımdan yüksək dəyərləndirilməlidir. Azərbaycan heç vaxt ikitərəfli münasibətlərini üçüncü tərəflərə qarşı yönəltməyib, əksinə, daim beynəlxalq hüquqa və öz milli maraqlarına əsaslanaraq balanslı və müstəqil siyasət yürüdüb".

Millət vəkili vurğulayıb ki, Ukrayna–Azərbaycan münasibətlərinin tarixinə nəzər saldıqda məlum olur ki, bu əlaqələr yalnız müasir siyasi və iqtisadi çərçivə ilə məhdudlaşmır, daha dərin tarixi və etnik köklərə malikdir:

"Belə ki, Azərbaycan xalqının etnogenezlisində iştirak etmiş qıpçaqlar, kumanlar, polovetslər və digər türk tayfaları eyni zamanda Ukrayna xalqının formalaşmasında da rol oynayıb. Bu baxımdan iki xalq arasında tarixən formalaşmış isti münasibətlər bu gün də öz davamını tapır və yeni məzmun kəsb edir.

Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz nüfuzunu, yerini və rolunu getdikcə daha da möhkəmləndirir. Dövlət həm beynəlxalq hüquq normalarına sadiqliyi, həm də ikitərəfli və çoxtərəfli əməkdaşlıqda nümayiş etdirdiyi çevik və praqmatik yanaşma ilə seçilir. Bu xüsusiyyətlər Azərbaycanı təkcə regionda deyil, daha geniş coğrafiyada etibarlı tərəfdaş və mühüm diplomatik aktora çevirib. Məhz bu səbəbdən dünyanın müxtəlif qütblərində, hətta bir-biri ilə ziddiyyətli mövqedə olan dövlətlərin belə Azərbaycanla isti münasibətlər qurması təsadüfi deyil.

Azərbaycan artıq regional diplomatik platforma kimi çıxış etmək qabiliyyətini də nümayiş etdirir. Bu isə ölkənin balanslı xarici siyasət kursunun nəticəsidir. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın müxtəlif geosiyasi mərkəzlər arasında körpü rolunu gücləndirib. Bu kontekstdə Zelenskinin səfəri də məhz Azərbaycanın artan beynəlxalq nüfuzu və vasitəçilik potensialı çərçivəsində qiymətləndirilməlidir".

Hikmət

Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan hər zaman münaqişələrdə birbaşa hərbi iştirakdan və sərt güc tətbiqindən mümkün qədər uzaq durmağa çalışıb. Rusiya–Ukrayna müharibəsi fonunda da bu prinsip qorunur:

"Bununla belə, Azərbaycan beynəlxalq hüquqa əsaslanan mövqeyini açıq şəkildə ifadə edir və bu, onun xarici siyasətində əsas prinsip kimi çıxış edir.

Belə bir şəraitdə Ukrayna ilə münasibətlərin yeni mərhələyə qədəm qoyması xüsusilə aktualdır. Bu əməkdaşlıq humanitar sahədə, iqtisadi əlaqələrdə, enerji təhlükəsizliyi və regional təhlükəsizlik məsələlərində yeni imkanlar yaradır. Azərbaycan bu gün həm Rusiya, həm Avropa İttifaqı, həm Gürcüstan, həm də digər ölkələrlə münasibətlərində eyni prinsiplərə əsaslanır. Yəni ölkənin xarici siyasətində vahid və ardıcıl siyasi xətt mövcuddur – milli maraqlara və beynəlxalq hüquqa söykənən siyasət.

Məhz bu balanslı yanaşma Azərbaycana müxtəlif tərəflərlə eyni məsafəni qorumağa, eyni zamanda iqtisadi və humanitar inkişaf imkanlarını maksimum səviyyədə reallaşdırmağa şərait yaradır. Bu baxımdan, Ukrayna prezidentinin Azərbaycana səfəri təkcə ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə regionda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm hadisə kimi tarixə düşəcək".

Xalidə Gəray
Musavat.com

Chosen
1
1
musavat.com

10Sources