EN

Nizami Gəncəvinin Türk dilində nəşr olunan əsərləri Rizə Kitab Sərgisində təqdim edilib

Ankara, 25 Aprel, AZƏRTAC

Türkiyədə 3-cü Rizə Kitab Sərgisində dahi Azərbaycan şairi Nizami Gəncəvinin Türk dilində nəşr olunan əsərlərinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin təşkil etdiyi Azərbaycan stendində dövlətçiliyimiz, tariximiz, mədəniyyətimiz, ölkəmizin nailiyyətləri ilə bağlı zəngin nəşrlər sərgilənməkdədir.

Rizə Kitab sərgisində böyük Azərbaycan şairi Nizami Gəncəvinin Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyə türkcəsinə tərcümə olunmuş “Leyli və Məcnun”, “Sirlər xəzinəsi”, “İskəndərnamə” əsərlərinin təqdimatı keçirilib.

Öncə tədbirin moderatoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosenti Təhminə Bədəlova çıxış edərək Nizami Gəncəvi yaradıcılığı, onun Azərbaycanın, Türk dünyasının ortaq dəyəri olaraq ədəbiyyatımıza töhfələrindən bəhs edib. Əsərləri, yaradıcılığı haqqında danışaraq, ədəbiyyatımızda xəmsəçilik ənənələrinin əsasını qoyduğunu qeyd edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyədə milli mədəniyyətimizin, Azərbaycan klassik irsinin tədqiqi və təbliği ilə bağlı layihələrdən danışıb, Türk dünyasının ortaq dəyəri olan Nizami Gəncəvinin zəngin irsinin tanıdılması, ana dilində Türk oxucularına çatdırılmasının önəmli olduğunu vurğulayıb.

O, dahi mütəfəkkirin yaradıcılığının həm ədəbiyyatda, həm də sənətdə tanıdılması, onun 880 illiyi münasibəti ilə ölkə başçısı İlham Əliyev tərəfindən bütöv bir ilin ona həsr edildiyini, ölkəmizdə “Nizami Gəncəvi ili” elan edildiyini söyləyib. Çıxışlarda Nizami Gəncəvinin yaratdığı zəngin əsərlərin - “Xəmsə”nin Şərq ədəbiyyatının zirvəsi olduğu vurğulanıb.

Təqdimatı olan nəşrlərin tərcüməçisi, Ərzurum Atatürk Universitetinin professoru Nimet Yıldırım Azərbaycanın mədəniyyət mərkəzi olan qədim Gəncə şəhərində doğulan və yaşayan Nizami Gəncəvinin öz əsərləri ilə Şərq intibahının əsasını qoyduğunu bildirib.

O, ölməz əsərlər yaradan Nizaminin Azərbaycanın, Türk dünyasının qüruru olduğunu qeyd edərək, dahi şairin əsərlərindən, tərcümələrindən bəhs edib, eşq dastanı “Leyli və Məcnun”, nəsihətlər və tərbiyəvi düşüncələrlə oxucuya həyat dərsi verən “Sirlər xəzinəsi”ndən, ədalət və humanizmdən bəhs edən “İskəndərnamə” əsərindən sitat gətirərək Türk oxucularına həmin əsərləri oxumağı tövsiyə edib.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Chosen
1
3
azertag.az

4Sources