ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Almaniyada Baş Prokurorluq siyasətçilərə qarşı həyata keçirilən fişinq hücumları ilə bağlı casusluq şübhəsi əsasında istintaq aparır.
Bizimyol.info xəbər verir ki, Alman Xəbər Agentliyi (DPA) və “Der Spiegel” jurnalının baş prokurorluq sözçüsünə istinadən yaydığı məlumata görə, “Signal” mesajlaşma tətbiqi istifadəçilərinə qarşı davam edən fişinq hücumları araşdırılır.
Məlumata əsasən, istintaq fevral ayının ortalarında başlanıb.
“Der Spiegel”in xəbərində bildirilir ki, hücumların hədəfləri arasında Təhsil, Ailə, Yaşlılar, Qadınlar və Gənclər naziri Karin Prien və Mənzil və Tikinti naziri Verena Hubertz də yer alır. Bundan əlavə, Federal Məclisdə təmsil olunan demək olar ki, bütün partiyalardan bəzi deputatların da bu hücumlardan təsirləndiyi qeyd olunur.
Xəbərdə vurğulanır ki, “Signal” tətbiqindəki bir çox mesajlaşma qrupları hücumçular tərəfindən demək olar ki, hiss olunmadan izlənilib. Almaniyanın daxili kəşfiyyat orqanı olan Konstitusiyanı Müdafiə İdarəsi (BfV) çoxsaylı yüksək vəzifəli şəxslərin bu hücumlardan zərər gördüyünü müəyyən edib. Jurnalistlər və media nümayəndələrinin də fişinq mesajları aldığı bildirilir.
BfV Federal Məclisdə təmsil olunan partiyaların fraksiya rəhbərlərinə və partiya qərargahlarına təhlükə ilə bağlı xəbərdarlıq məktubu göndərib.
Məktubda “koordinasiyalı, beynəlxalq hücum dalğasının” davam etdiyi və son dərəcə təhlükəli olduğu qeyd olunub. Hücumların əsasən siyasət, hərbi və idarəetmə sahələrində yüksək səviyyəli qərarvericiləri hədəf aldığı bildirilib.
Hücumçuların məqsədinin gizli kommunikasiya kanallarına çıxış əldə etmək olduğu vurğulanır. Eyni zamanda, yeni hücumlar üçün artıq ələ keçirilmiş hesabların istifadə edildiyi qeyd edilir.
Digər tərəfdən, genişmiqyaslı fişinq hücumlarının NATO hərbi personalını da hədəf aldığı bildirilir. Almaniyanın Hərbi Əks-Kəşfiyyat Xidməti yanvarın 6-da bununla bağlı təcili xəbərdarlıq yayıb.
Hərbi mənbələr NATO personalının bu hücumlardan təsirləndiyini təsdiqləyib.
Xatırladaq ki, daha əvvəl Almaniya Federal Məclisinin sədri Julia Klöcknerin “Signal” tətbiqindəki hesabının ələ keçirildiyi açıqlanmışdı.
Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.