“Malyorka”nın baş məşqçisi Martin Demikelis aprel ayı üzrə La Liqanın ən yaxşı məşqçisi seçilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
Ay ərzində komanda məğlubiyyətlə üzləşməyib, 3 oyunda 2 qələbə qazanıb. “Real Madrid” üzərində 2:1 hesablı qələbədən sonra “Rayo Valyekano” 3:0 hesabı ilə məğlub edilib, “Valensiya” ilə görüş isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Yekun səsvermədə Demikelis “Real Oviedo”nun məşqçisi Almadanı və “Barselona”nın baş məşqçisi Hansi Fliki qabaqlayıb.
Qeyd edək ki, aprelin 25-də “Alaveş” ilə keçirilən oyun səsvermədə nəzərə alınmayıb. Həmin qarşılaşmadan əvvəl “Malyorka” 35 xalla turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.
Demikelis komandaya martın əvvəlində rəhbərlik etməyə başlayıb və mövsümün sonunadək müqavilə imzalayıb. O, daha əvvəl “Monterrey”, “River Pleyt” komandalarında, həmçinin "Bavariya" klubunun gənclər və ikinci heyətində çalışıb.