EN

Türk diplomatdan İrəvandakı vandalizm aktına SƏRT reaksiyalar

Hulusi Kılıç: “Ermənistan rəhbərliyindən Türkiyə bayrağını yandıranlara layiqli cəzalar verməsini gözləyirik”

““Soyqırım” yalanı erməni diasporası, həmçinin erməni kilsəsinin gəlir qapısı və gəlir mənbəyidir. Türk bayrağını yandırmaq bir şizofreniya hadisəsidir. 24 apreldə daşnak qrupların Türkiyənin bayrağını yandırmasını ən şiddətli şəkildə pisləyirəm”.

Türkiyə Respublikasının Azərbaycandakı sabiq səfiri, İMZA İctimai Birliyinin Türkiyə nümayəndəsi, Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin üzvü Hulusi Kılıç bu fikirləri Musavat.com-a, İrəvandakı qondarma “soyqırım” aksiyası zamanı Türkiyə bayrağının yandırılmasına münasibət bildirərkən söylədi.

Diplomatın sözlərinə görə, erməni diasporası və kilsəsinin var olması və varlıqlarını sürdürməsi məqsədi ilə yaratdıqları sözdə “soyqırım” yalanı Ermənistanda yaşayan erməni xalqına heç bir fayda vermədiyi kimi, Türkiyə - Ermənistan arasındakı münasibətlərə də zərər verməkdədir: “Onlar Latın Amerikasında bir ölkənin “soyqırım” yalanını qəbul etməsinin nə qədər mənasız və önəmsiz olduğunu anlamalıdırlar. Çünki soyqırım yalanına inanan Latın Amerika ölkəsi vətəndaşları Ermənistanın xəritədəki yerini belə bilməzlər. Yəni siyasətçilərin bu yalanı xalqlarına qəbul etdirməsi çox böyük bir səhvdir. Tarixçilərin görəcəyi işi siyasətçilər görərsə, təbii ki, bu, tamamilə bir yalan mexanizminin davam etdirilməsidir”.

Hulusi Kılıç Ermənistanın rəsmi siyasəti barədə də xatırlatma etdi: “Baş nazir Nikol Paşinyanın kilsə və diasporanı qarşısına alaraq, “tarixi Ermənistan tarixdə qaldı, Ermənistan ərazisi 29.000 km²-dir”, söyləyib. Bu ifadələr həm Türkiyədə, həm Azərbaycanda məmnunluqla, rəğbətlə qarşılanıb. Çünki bu, bir həqiqətdir. Ermənistan məktəblərində, ali təhsil müəssisələrində erməni uşaqlara, tələbələrə “soyqırım” yalanını öyrətmək, onların zehinlərini yumaq çox təhlükəli bir işdir. Ermənistan rəhbərliyinin bunu bilmələri gərəkdir”. Diplomat bildirdi ki, qonşular ilə yaxşı normal münasibətlər qurması, sülh və təhlükəslik şəraitində yaşaması ilk növbədə Ermənistanın xeyrinədir: “8 avqust 2025-ci ildə Vaşinqtonda sülh sazişinin paraflanması həyata keçiriləndən sonra Azərbaycan və Ermənistan arasında heç bir gərginlik yaşanmayıb. Can Azərbaycan Ermənistanın Qazaxıstan və Rusiyadan daşınan taxılı üçün dəhliz açıb, Ermənistanın ehtiyacı olan neft məhsullarını bu ölkəyə göndərməyə başlayıb. Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşmasını görən Türkiyə Ermənistanla əlaqələrin qurulması prosesini başladıb. Belə bir dövrdə Türk bayrağının yandırılması, Türk xalqının müqəddəs bayrağına böyük hörmətsizlik olduğu kimi, Ermənistan xalqının gələcəyinə zərər verilməsinə yönəlik addımdır. Ermənistan rəhbərliyindən Türkiyə bayrağını yandıranlara layiqli cəzalar verməsini gözləyirik. Bayrağın nə demək olduğunu vətəndaşlarına öyrətməyən məsul şəxslərin sorğulanması lazımdır. Bu məqamda Ermənistanın baş naziri və digər siyasilərin Türk bayrağının yandırılması mövzusunda daha sərt açıqlamalarla çıxış etməsi və günahkarların cəzalandırılması gərəkdir”. Bayrağın önəmindən bəhs edərkən dəyərli türk diplomatı ötən əsrin bütün bəşəriyyət üçün ibrət olan çox qiymətli tarixi hadisəsini xatırlatdı: “9 sentyabr 1922-ci il tarixində İzmiri yunan işğalından xilas edən Atatürk üstünə çıxıb, tapdanması üçün önünə sərilən yunan bayrağını yerdən qaldırılmasını tapşıraraq, “o bayraq bir millət üçün müqəddəsdir”, deyərək, yunan bayrağını yerdən qaldırmasını tarix daim xatırlayacaq. Yenə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın BMT toplantısında liderlərin ailə fotoqrafı çəkdirmələri öncəsi protokol yerləri müəyyənləşdirilərkən yerə atılan Türk bayrağını götürüb cibinə qoyduğu anı əks etdirən kadrlar yadımızdadır. Düşmənliklə bəslənənlərin sonu faciədir. Türkiyə və can Azərbaycan liderlərinin keçmişi geridə buraxaraq, yeni bir dönəm başlatmaq məqsədi ilə dostluq əllərini uzatmaları Ermənistan tərəfindən dəyərləndirilməli, bu əl öpülməlidir. Çünki bu əllərdə dostluq, erməni xalqına çörək və gələcək var. Bu əllər bölgədə barış və hüzur doludur”.

WhatsApp

Hulusi Kılıç İrəvandakı vandalizm aktına Azərbaycan mətbuatının operativ reaksiyasını yüksək qiymətləndirdi və məmnunluqla qeyd etdi: “Türkiyə bayrağının Ermənistanda yandırılmasına Azərbaycan mətbuatının verdiyi təpkilər gerçəkdən çox anlamlıdır və Türkiyə-Azərbaycan qardaşlığının nə qədər önəmli olduğunu göstərməkdədir. Bu, bizə cənab Prezidentin Ali Baş Komandan olaraq Praqada Türkiyə əleyhinə danışan Ermənistan baş nazirinə verdiyi cavabı xatırlatmaqdadır. Nə demişdi? “Türkiyə burada yoxdursa, mən varam”, demişdi.

Onun üçün gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir. Həmçinin bir Azərbaycan millət vəkilimizin bu sözlərini çox dəyərli hesab edirəm: “Nifrət, yalan, xəstə, şizofrenik təfəkkürlərdən doğan mistik fəaliyyətlər üzərində qurulan ideyalar nüvə silahından daha da dəhşətli silahdır”. Yenə eyni millət vəkilimizin “Ermənistanda Türk bayrağına od vuranlar da bu xəstə təfəkkürün bölgədən kənardakı beyin mərkəzlərində yaradılan qondarma erməni məsələsinin şizofrenik təsirlərindən ayrıla bilməyənlərdir” sözləri həqiqətən çox mənalıdır və Türkiyə-Azərbaycan qardaşlığına verilən bir dəstəkdir. Buna görə də Azərbaycan mətbuatının və bəzi siyasətçilərinin Türkiyənin bayrağının yandırılmasına verdiyi təpkiləri təşəkkür və təqdirlə qarşılayırıq. Nə mutlu “türkəm” deyənə”.

Elşad Paşasoy,
Musavat.com

Chosen
29
musavat.com

1Sources