Bu gün Ukraynanın şimal hissəsindəki Pripyat yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən qəzadan 40 il ötür.
Publika.az xatırladır ki, XX əsrin faciəsi adlandırılan bu hadisə əsrin ən böyük texnogen fəlakəti olub.
Çernobıl qəzası atom elektrik stansiyasında təhlükəsizlik testinin aparılması zamanı baş verib. Reaktorun gücünü yoxlamaq məqsədilə həyata keçirilən sınaq zamanı ciddi texniki səhvlərə yol verilib və təhlükəsizlik sistemləri qəsdən söndürülüb. Nəticədə reaktor nəzarətdən çıxaraq partlayış olub.
AES-in dördüncü enerji blokunda baş verən partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücü vaxtilə Xirosimaya atılmış bombanın 500 misli qədər olub. Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanmadan 50 nəfər ölüb.
Hadisənin təsirindən, yaratdığı xəstəliklərdən indiyə qədər ölənlərin dəqiq sayı bilinməsə də, ehtimal olunur ki, bu 50-100 min nəfər ola bilər.