Hələ yaz mövsümündə olsaq da, artıq marketlərdə, bazarlarda yay meyvələri satılmağa başlayıb. Bunlardan biri də çiyələkdir. Düzdür, qiymət əlbəttə, yayla müqayisədə yüksək olsa da, alıcıları əsas düşündürən məqam çiyələklərin görünüşüdür.
Belə ki, hazırda satılan çiyələklərin ölçüləri həddindən artıq iridir. Bu da alıcıları alıb-almamaq barəsində qərarsız qoyur. Bəziləri düşünür ki, çiyələyin belə iri olması ona müxtəlif dərmanların vurulmasıyla əlaqədardır.
Bu nə dərəcədə reallığa uyğundur?
Mövzuyla bağlı qida eksperti Asim Vəliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, çiyələyin həddindən artıq böyük olması həm sort xüsusiyyəti, həm də gübrələr və stimullaşdırıcılar ilə əlaqədardır.
"Böyük olması tək başına zəhərlənmə göstəricisi deyil. Amma bu cür meyvələrdə nitrat və pestisid qalıqlarının olma ehtimalı, həmçinin dad və vitamin dəyərinin aşağı olması faktdır.
Müasir kənd təsərrüfatında uzaq məsafəyə daşınmaya davamlı, rəngi cəlbedici və ölçüsü böyük olan hibrid sortlardan istifadə olunur. Bu sortlar genetik olaraq iri olur, lakin çox vaxt klassik çiyələk ətrindən məhrumdurlar.
Bitkinin meyvəsini sürətlə şişirtmək üçün azotlu gübrələrdən normadan çox istifadə edildikdə meyvə hüceyrələri su ilə dolur və həddindən artıq böyüyür.
Meyvənin hüceyrə bölünməsini sürətləndirən hormonal preparatlar çiyələyin formasının deformasiyasına və qeyri-təbii ölçülərə çatmasına səbəb olur".
Ekspert vurğulayıb ki, əgər iri çiyələyi kəsərkən ortasında böyük boşluq görürüksə, meyvənin stimullaşdırıcılar sayəsində daxili toxumalar yetişmədən sürətlə şişdiyinin əlamətidir.
Bəs intensiv gübrələmə orqanizmə necə təsir edir?
"İntensiv gübrələmə nəticəsində meyvədə toplanan nitratlar orqanizmdə nitritlərə çevrilərək qanın oksigen daşıma qabiliyyətini azalda bilər. Sürətlə böyüyən meyvə lazımi qədər günəş görmədiyi üçün onda C vitamini və antioksidantlar təbii çiyələkdən az olur".
Asim Vəliyev sağlam çiyələyi seçməyin yollarından da danışıb:
"Çiyələk seçərkən əgər iri və qırmızıdırsa, heç bir qoxusu yoxdursa, demək təbii yolla yetişməyib. Təbii çiyələyin ətri uzaqdan hiss olunmalıdır. Çiyələyin üzərindəki xırda sarı nöqtələr meyvənin səthindən dərindədirsə, ya rəngi tünd qırmızı deyil, süni bir parlaqlıqdadırsa, ehtiyatlı olmalıyıq.
Meyvənin üzərində ağ, ya yaşıl ləkələrin olması onun hələ daxilən yetişmədiyinin əlamətidir. Xaricdən qızardıldığını göstərir. Erkən mövsüm çiyələklərini yuyarkən onları sirkəli, ya sodalı suda on dəqiqə saxlamalıyıq.
Bu meyvənin səthindəki pestisid qalıqlarını neytrallaşdırmağa kömək edir. Amma meyvənin daxilinə keçmiş nitratları yumaqla təmizləmək mümkün deyil. Ən yaxşı seçim may ayının ortalarını, açıq sahə çiyələyinin çıxmasını gözləməkdir".
Nəzrin Mirzəyeva, Bizim.Media