EN

İraq çoxistiqamətli neft kəməri layihəsi üzərində işləyir

ain.az bildirir, Azertag portalına istinadən.

Qahirə, 26 aprel, AZƏRTAC

İraq neftin xarici bazarlara ixracı üçün alternativ yollar axtarır. “Bəsrə–Hədisə - çoxistiqamətli neft kəməri” layihəsi xam neftin Türkiyənin Ceyhan, Suriyanın Bənyas və İordaniyanın Əqəbə limanlarına nəqlində davamlılığı təmin edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani neft və sənaye nazirliklərinin rəhbər şəxsləri ilə keçirdiyi iclasda danışıb.

İclasda layihənin texniki detalları, qarşıya çıxan ilkin çətinliklər və onların həlli yolları müzakirə olunub, həmçinin icra müqavilələrinin yerinə yetirilməsi vəziyyəti nəzərdən keçirilib. Layihənin icrası üçün neft nazirinin müavininin rəhbərliyi ilə xüsusi qurumun yaradılması barədə tapşırıq verilib.

Layihənin maliyyələşdirilməsi üçün cari ildə 1,5 milyard dollar vəsait ayrılması təsdiqlənib. Ümumi dəyərinin təxminən beş milyard dollar olduğu bildirilən layihə İraq–Çin sazişi çərçivəsində həyata keçiriləcək.

Qeyd edək ki, Hörmüz boğazı ətrafında yaranan gərginlik və hərəkətin qismən məhdudlaşması region ölkələrinin, o cümlədən İraqın neft ixracına mənfi təsir göstərib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
3
azertag.az

4Sources