EN

Britaniya qəzeti dəhşəti təsdiqlədi: Rusiya ordusunda kannibalizm faktı üzə çıxdı

Rusiya ordusunda insan əti yemə halları ilə bağlı uzun müddətdir səslənən iddialar indi beynəlxalq media tərəfindən də araşdırılıb və sensasion nəticələr ortaya çıxıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, The Sunday Times ekspertlər və kompüter analiz proqramlarının köməyi ilə Rusiya ordusunda kannibalizm faktını təsdiqlədiyini yazıb. Bu barədə daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi də məlumat yaymışdı.

Məlumata görə, hadisə rusiyalı zabitlə 5-ci ayrıca qvardiya motoatıcı briqadası komandirinin müavini Vladislav Razikov arasında 2025-ci ilin noyabrında Mirnoqrad yaxınlığında aparılan Telegram danışığından məlum olub. Söhbətdə kannibalizmdə şübhəli bilinən şəxs “Xromoy” ləqəbli hərbçi kimi təqdim edilir və onun briqadanın 95-ci alayında xidmət etdiyi bildirilir.

Zabit danışıqda bildirir: “Bizimkilərdən biri digər ikisini öldürüb. Sonra ayağını kəsib yeməyə cəhd edib”. Daha sonra izah olunur ki, Xromoyu axtarmağa göndərilən iki hərbçi onun gizləndiyi zirzəmini tapıb.

 “Bu gün gedib onun onları sürüyüb apardığı yeri tapdılar. Ayağı kəsmişdi, özü də orada oturub ətçəkənlə və ya başqa alətlə onu üyüdürdü, yeməyə çalışırdı... Sonra atəş açdı. Onu öldürdülər”,-deyə sitartda bildirlir.

Məqaləyə əsasən, həmin zabit Razikova kəsilmiş ayağın və həddindən artıq arıqlamış bir əsgərin şəkillərini də göndərib. The Sunday Times yazır ki, aparılan texniki analiz nəticəsində fotoların süni intellektlə hazırlanmadığı və ya montaj edilmədiyi müəyyən olunub. Müstəqil hərbi cərrah isə bildirib ki, görüntüdəki kəsik döyüş yarasına oxşamır: “Bu, iti bıçaqla kəsilmiş kimi görünür”.

Xromoyun meyitinin fotosunda onun son dərəcə arıq vəziyyətdə olduğu görünür. Şəkli alan Razikov soruşub: “Bunlara yemək vermirlər, yoxsa? Mən başa düşmürəm”. Cavabda isə zabit yazıb: “Bizimkilər tezliklə bir-birini yeməyə başlayacaq. Hamı ac payokdadır”.

Araşdırmada qeyd olunur ki, Razikov ən azı 2023-cü ildən Ukraynaya qarşı müharibədə iştirak edir. Sızdırılmış məlumat bazalarına görə, o, həmin ilin yanvarında yalnız işğal altındakı ərazilərdə işləyən “Feniks” operatorundan SİM kart alıb. Mart ayında isə Donetskə avtobusla səfəri qeydə alınıb.

Kremlə yaxın media onu 51-ci ümumqoşun ordusunun tərkibindəki Aleksandr Zaxarçenko adına 5-ci ayrıca qvardiya motoatıcı briqadasının komandir müavini kimi təqdim edib. O, 2025-ci ilin iyulunda TASSa Nikolayevkadakı Ukrayna kəşfiyyatçıları barədə, oktyabrda isə Donetskdə Moskovskoye qəsəbəsinin ələ keçirilməsi barədə danışıb.

The Sunday Times daha üç başqa dinləmə materialı da təqdim edib. 3 aprel 2025-ci il tarixli danışıqda 54-cü motoatıcı alayın “Most” ləqəbli hərbçisi zabitinə şikayət edir: “Əgər insan olsaydı, qala bilərdi. Amma o meyit yeyib, insan əti yeyib. Mən müsəlmanam. Belə adamın sığınacağıma girməsini istəmirəm”.

8 oktyabr 2025-ci il tarixli başqa danışıqda 1437-ci motoatıcı alayın komandiri tabeliyindəki şəxsə qışqırır: “Niyə ukraynalıları yeyirsən? İnsan yeməyi dayandır!”

Ukraynalı hakerlərin Telegram-da ələ keçirdiyi başqa sənəddə isə 55-ci motoatıcı alaya verilən əmrdə belə yazılıb: “Spirtli içki yox! Narkotik yox! Sənədsiz hərəkət yox! Kannibalizm yox!”

2025-ci ilin dekabrında Ukrayna hərbi kəşfiyyatı başqa bir audioyazı yaymışdı. Orada kişi səsi deyirdi: “Bıçaqları itiləmişəm, fərqi yoxdur kimi doğrayım, yemək istəyirəm”.

Yay aylarında yayılan başqa dinləmədə isə “Brelok” ləqəbli hərbçinin silahdaşını öldürüb yediyi iddia olunurdu: “Heç kim qaçmamışdı, Brelok onu öldürdü, sonra iki həftə yeyib”.

Rusiyanın Londondakı səfirliyi isə məsələ ilə bağlı şərh vermək üçün əsas görmədiyini bildirib. Səfirlik nümayəndəsi iddiaları “Ukrayna hərbi kəşfiyyatının təbliğat məqsədli uydurmaları” adlandırıb.

Musavat.com

 

Chosen
31
musavat.com

1Sources