EN

Şəmkirdə 7 nəfərin öldüyü dəhşətli qəzanın sürücüsü: “Uzun məsafə qət etdiyim üçün yorğun idim”

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayonu ərazisində yol qəzasında 7 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Abbas Məmmədovun cinayət işinin məhkəmə ifadəsi məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib.


Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs hadisənin başvermə anını dəqiq xatırlamadığını, bir anlıq huşunu itirdiyini və özünə gəldikdə nəqliyyat vasitələri arasında məsafənin çox az olduğunu, bu səbəbdən qəzanın qarşısını almağın mümkün olmadığını söyləyib.


Abbas Məmmədov əlavə edib ki, hadisə baş verən günədək “166 Beynəlxalq Yükdaşıma” xidmətində çalışıb və həmin gün idarə etdiyi mikroavtobusu ilk dəfə sürürmüş. Onun sözlərinə görə, hadisə günü Ağstafa rayonundan Bakı şəhərinə qədər uzun məsafə qət etdiyindən yorğun vəziyyətdə olub. O, baş vermiş hadisədən peşman olduğunu məhkəmənin diqqətinə çatdırıb.


Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş şəxs isə fərqli məzmunlu ifadə verib. O bildirib ki, mikroavtobusun sürücüsü ilkin olaraq təqsirləndirilən şəxsə nəqliyyat vasitəsini idarə etməyə icazə verməsə də, sonuncu təkid göstərərək avtomobili idarə etmək istədiyini deyib. Nəticədə nəqliyyat vasitəsini idarə edən zaman yol-nəqliyyat hadisəsi törədilib.


Hüquqi varisin sözlərinə görə, hadisədən sonra Abbas Məmmədov qəzanı törətdiyini inkar edib və baş verən hadisəyə görə məsuliyyəti mikroavtobusun sahibi Arif Bağırovun üzərinə yönəltməyə çalışıb.


İttihama görə, 07 avqust 2025-ci il tarixdə təxminən saat 05 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu, Dəllər-Cəyir kəndi ərazisindən keçən 404-cü kilometrliyində "Mercedes Sprinter" markalı mikroavtobusla "KamAZ" markalı yük avtomobili toqquşub.


Araşdırma zamanı məlum olub ki, mikroavtobus hadisə zamanı həlak olan Arif Bağırova məxsus olsa da, sükan arxasına Abbas Məmmədov keçib. Onun idarə etdiyi avtomobil Qazax istiqamətində hərəkətdə olarkən, Abbas Məmmədov sükan arxasında yuxuya gedib və nəticədə ağır qəza baş verib.


Qəza nəticəsində Şəadət Bayramov (1992), Bəsti Nəbiyeva (1975), Aydın Pənahov (1977), Qızxanım Tomayeva (1962), Kənan Məmmədov (2008), Fəxriyyə Novruzova (1978) və 1966-cı il təvəllüdlü Arif Bağırov həyatını itiriblər. Bundan əlavə, mikroavtobusda olan bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Məhkəmədə bir nəfər istisna olmaqla, zərərçəkənlərin hüquqi varisləri Abbas Məmmədovu bağışlamayıb və ona ən ağır cəzanın verilməsini tələb ediblər.


Məhkəmənin hökmü ilə Abbas Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.


Kamal Məmmədov 


Tarix: 27 Aprel 2026, 08:33   
Chosen
49
16
pravda.az

10Sources