Rusiyada alimlərə qocalmanın qarşısını almaq üçün dünyada ilk peyvənd hazırlamaq tapşırılıb. Elm və ali təhsil nazirinin müavini Denis Sekirinski layihənin hüceyrə qocalması ilə əlaqəli olan RAGE genini hədəf aldığını açıqlayıb. Bu genin bloklanmasının hüceyrələrin gənc qalmasına imkan verdiyi düşünülür.
Hafta.az yazır ki, layihə Qocalma Biologiyası və Tibb İnstitutu tərəfindən həyata keçirilir. Tədqiqatların gen terapiyasına əsaslandığı və qocalma prosesinə birbaşa təsir edən mexanizmləri dayandırmağı hədəflədiyi vurğulanır. Rəsmilər bunu "problemə ən perspektivli yanaşma" hesab edirlər.
Baş nazirin müavini Tatyana Qolikova daha əvvəl qocalma əleyhinə dərmanın 2028-2030-cu illər arasında hazır ola biləcəyini bildirmişdi. Layihə 2025-ci ildə başlanan "Sağlamlığın qorunması üçün yeni texnologiyalar" milli proqramı çərçivəsində həyata keçirilir.
Bu proqram və "Uzun və aktiv həyat" layihəsi üçün ümumilikdə 2 trilyon rubldan çox vəsaitin ayrılması planlaşdırılır. Məqsəd Rusiyada orta ömür müddətini 2030-cu ilə qədər 78 yaşa, 2036-cı ilə qədər isə 81 yaşa çatdırmaqdır. Hazırda bu rəqəm 74,2 ildir.