EN

Avropa İttifaqının İKİÜZLÜ SİYASƏTİ – Cənubi Qafqazda sülhü hədəf alan “HİBRİD TƏHDİD”LƏR

Avropa İttifaqının son addımları Cənubi Qafqazda baş verən proseslərə münasibətdə ciddi suallar doğurur. Belə ki, 21 apreldə Ermənistanda yaradılan mülki missiya – formal olaraq seçkilər öncəsi “xarici müdaxilələrə qarşı mübarizə” məqsədi daşıyan struktur – ilk baxışda sabitliyə xidmət edən təşəbbüs kimi təqdim edildi. Lakin cəmi üç gün sonra Avropa Parlamentində ortaya çıxarılan qətnamə layihəsi bu “sabitlik” narrativini tamamilə alt-üst etdi.

Brüssel bir tərəfdən regionda sülh və əməkdaşlıqdan danışır, digər tərəfdən isə bu prosesi siyasi təzyiq alətinə çevirən sənədlərə yaşıl işıq yandırır. Yəni ənənəvi olaraq ikili standartlar davam edir...

“Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adı ilə təqdim olunan sənədin məzmunu onun başlığını təkzib edir. Qətnamənin böyük bir hissəsi birbaşa Azərbaycana qarşı yönəlmiş ittihamlar və tələblərdən ibarətdir. Sənəddə yer alan bəndlər struktur baxımından da bunu açıq göstərir: əsas siyasi yük məhz anti-Azərbaycan tezislərinin üzərinə qurulub. Bu isə sənədin real məqsədinin Ermənistanı dəstəkləmək yox, Azərbaycanı hədəfə almaq olduğunu ortaya qoyur.

Üzdə və pərdəarxasındakı müəlliflər kimdir?

Qətnamə Avropa Parlamentində üçüncü ən böyük siyasi qrup olan Avropa Mühafizəkarları və İslahatçıları (ECR) fraksiyası tərəfindən irəli sürülüb. Bu qrupun həmməruzəçiləri sırasında İtaliyanın “Fratelli d’Italia” partiyasından Nicola Procaccini və Polşanın “Hüquq və Ədalət” partiyasından Joachim Brudzinski kimi siyasətçilər yer alır.
 

Bu siyasi blokun ideoloji xətti və regiona yanaşması təsadüfi deyil. Onların təqdim etdiyi sənədin dili və vurğuları göstərir ki, burada balanslı yanaşmadan çox, müəyyən siyasi gündəmin təşviqi əsas rol oynayır.


Qətnamənin qəbul olunduğu tarix də diqqətdən yayınmır. Cəmi bir həftə əvvəl Belçika və Niderland parlamentlərində də bənzər qətnamələr qəbul edilmişdi – eyni ittihamlar, oxşar tələblər...

Bu cür sinxronlaşdırılmış fəaliyyət və prosesin qondarma “erməni soyqırımının ildönümü”ü ərəfəsində start götürməsi pərdə arxasında vahid gücün olduğunu ortaya qoyur. Bütün pazlları birləşdirdikdə ortaya çıxan mənzərə bəllidir: bu çirkin oyunun arxasında erməni lobbisi dayanır. Avropalı parlamentarilər də köhnə adətlərinə sadiq qalaraq erməni diasporunun çaldığı havaya oynayırlar. Qətnamənin konkret bəndlərinə nəzər saldıqda, bu daha aydın görünür.

Azərbaycanın “hibrid təhlükə” kimi təqdimatı

Qətnamənin əsas ideoloji sütunlarından biri 14-cü bənddir. Bu hissədə Azərbaycan və Rusiya eyni kontekstdə - Ermənistana qarşı “hibrid təhlükə” mənbələri kimi təqdim edilir. Bu yanaşma reallıqla kəskin ziddiyyət təşkil edir.

Bəli, Ermənistan iqtidarının qərbyönümlü mövqe tutması fonunda Moskvadan İrəvana qarşı ciddi təhlükə mövcuddur. Rusiya rəsmilərinin açıq təhdidləri, Karapetyan kartının işə salınması da bunun əyani sübutudur. Azərbaycan isə Ermənistanla sülh sazişini paraflamış, iqtisadi əlaqələr qurmağa başlayan ölkədir. Hazırda rəsmi Bakı üçün sülh müqaviləsini konstitusiya referendumu vasitəsilə həyata keçirə bilən sabit bir Ermənistanda maraqlıdır. 
 

Yəni, regionda təsir uğrunda mübarizə aparan Rusiya ilə sülh müqaviləsinin imzalanmasında maraqlı olan Azərbaycanı eyni kateqoriyaya salmaq siyasi manipulyasiyanın açıq nümunəsidir.


Zəngəzur dəhlizi və Qərbi Azərbaycan hədəfdə

Qətnamənin 15 və 16-cı bəndlərində Azərbaycanın iki əsas yanaşması – Qərbi Azərbaycan konsepti və Zəngəzur dəhlizi layihəsi – “hibrid təhlükə” kimi təqdim olunur.

Bu ittihamların da təbii ki, əsası yoxdur. “Qərbi Azərbaycan” anlayışı tarixi yaddaş və deportasiya olunmuş azərbaycanlıların hüquqlarının tanınması ilə bağlıdır. Zəngəzur dəhlizi (TRİPP) isə regionda nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan iqtisadi layihədir. Marşrutun prinsipləri 8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Prezident Əliyev və Baş nazir Paşinyan tərəfindən razılaşdırılıb. İrəvan rəsmiləri özləri çıxışlarında mütəmadi olaraq TRİPP-in Ermənistan üçün yaradacağı imkanlardan söz açırlar.

Amma Avropa Parlamenti qəbul etdiyi qətnamə ilə faktiki olaraq deyir ki, “Biz Ermənistanı ermənilərdən də çox düşünürük”. Ən gülməlisi də odur ki, TRİPP layihəsini hibrid təhlükə kimi təqdim edən qətnamənin 18-ci bəndində qeyd olunur: "Vaşinqton Sülh Sammitinin nəticələrini və Ermənistanın razılaşdırılmış sülh mətnini imzalamağa hazırlığını alqışlayır”.
 

Yəni bu qətnamədə, Vaşinqton görüşünü alqışlayıb, həmin görüşdə razılaşdırılan dəhlizi təhlükə kimi təqdim edirlər. Bunun hansı məntiqə sıxdığını bir erməni lobbisi, bir də qətnamənin lehinə səs verənlər bilər...


18-ci bənddən söz düşmüşkən...

Həmin bənddə Vaşinqton görüşünü alqışlayandan sonra, yenidən Azərbycanı ittiham etməyi də unutmayıblar:

"Vaşinqton Sülh Sammitinin nəticələrini və Ermənistanın razılaşdırılmış sülh mətnini imzalamağa hazırlığını alqışlayır; Azərbaycanı bunu xoş niyyətlə qarşılamağa, təhdidlərdən çəkinməyə və sülhün təsisatlaşdırılmasının regionda demokratik sabitlik üçün vacib olduğunu qəbul etməyə çağırır"

Yəni, Ermənistan sülhə hazır tərəf kimi təqdim edilir, Azərbaycan isə dolayı şəkildə prosesin qarşısını alan aktor kimi göstərilir.

Bu yanaşma faktlara uyğun deyil. Sülh müqaviləsinin imzalanmasının əsas əngəli Ermənistan Konstitusiyasında qalan ərazi iddialarıdır. Azərbaycan açıq şəkildə bunu bəyan edib, müvafiq konstitusion islahatlardan sonra sülh sazişini imzalayacağını dəfələrlə, rəsmi şəkildə bildirib.

Çünki hökumətlər gəldi-gedərdir, qalıcı olan konstitusasiyadır. Yəni, bu məsələ aradan qaldırılmadan istənilən razılaşma hüquqi baxımdan qeyri-sabit olacaq. Buna baxmayaraq, qətnamədə bu reallıq görməzdən gəlinir.

“Girov” nağılları və etnik təmizləmə iddiası

Qətnamənin 19-cu bəndində separatçı rejimin keçmiş rəhbərləri “girov” kimi təqdim olunur və onların azad edilməsi tələb edilir. Bu isə beynəlxalq hüququn açıq şəkildə təhrifidir. Sözügedən şəxslər qondarma rejimə, qanunsuz silahlı birləşmələrə rəhbərlik etmiş, birbaşa döyüş əməliyyatlarına qatılıb, insanlıq əleyhinə cinayətlər törətmiş cinayətkarlardır. Onları mülki şəxs kimi təqdim edib - “girov” adlandırmaq hüquqi deyil, siyasi manipulyasiyadır.
 

Qətnamənin 20-ci bəndində Azərbaycana qarşı “etnik təmizləmə” ittihamı irəli sürülür və bu tezis fakt kimi təqdim edilir. Halbuki bu iddianı təsdiqləyən heç bir beynəlxalq məhkəmə qərarı yoxdur. Əksinə, ermənilər könüllü şəkildə, təhlükəsizlikləri tam təmin olunmaqla bölgəni tərk ediblər.


Mədəni irs məsələsində selektiv yanaşma

Qətnamənin 21-ci bəndində Azərbaycanın guya Qarabağda mədəni irsi məhv etməsi ilə bağlı ittihamlar səsləndirilir. Fakt göstərmək isə yenə də yaddan çıxıb. Amma biz 30 ildir bütün dünyaya təqdim etməyə çalışdığımız faktları, dəfələrlə UNESCO-ya etdiyimiz çağırışları unutmamışıq. Yenə də mədəni irsin məhv edilməsi ilə bağlı fakt axtarırlarsa, işğalın izləri, dağıdılmış tarixi abidələr, məhv edilmiş mədəni irs, darmadağın edilmiş məzarlıqlar göz önündədir.

Göründüyü kimi, qətnamənin bu bəndində də yalnız bir tərəfin iddiaları əsas götürülür. İşğal dövründə dağıdılmış Azərbaycan abidələri, məscidlər və digər mədəni irs nümunələri isə ümumiyyətlə qeyd olunmur. Bu selektiv yanaşma sənədin siyasi motivli olduğunu bir daha təsdiqləyir.

Brüsselin daxili ziddiyyəti və etimad böhranı

Real faktlar fonunda qətnamədə irəli sürülən ittihamların nə dərəcədə absurd olduğu göz önündədir. Ən paradoksal məqam isə Avropa İttifaqının öz daxilindəki ziddiyyətdir. Bir tərəfdən Azərbaycanla enerji və nəqliyyat sahəsində strateji əməkdaşlıq genişləndirmək arzusundan bəhs olunur, digər tərəfdən isə siyasi təzyiq xarakterli sənədlər hazırlanır. Bu ikili yanaşma tərəfdaşlıq münasibətlərini sarsıdır və Brüsselin etibarlılığına ciddi zərbə vurur. Çünki geopolitikada söz və əməl arasındakı uçurum ən təhlükəli siqnaldır...

Bizim.Media-nın analitik qrupu

Chosen
2
1
bizim.media

2Sources