EN

Gürcüstanda qanunsuz miqrantlara qarşı əməliyyat: 55 nəfər saxlanıldı

Gürcüstanda son günlər qanunsuz yaşayan əcnəbilərə qarşı əməliyyat keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirliyin Miqrasiya Departamentinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində 55 əcnəbi saxlanılıb.

Qeyd olunub ki, saxlanılanlar arasında Rusiya vətəndaşları da var.

Məlumata görə, əməliyyat zamanı Azərbaycan, Banqladeş, Belarus, İordaniya, Qırğızıstan, Kot-d'İvuar, Pakistan, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan vətəndaşları müəyyən edilərək saxlanılıb.

Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz miqrantların yaşayış və iş yerlərində yoxlamalar aparıblar.

Qeyd edilib ki, aparılan araşdırmalar zamanı onların Gürcüstanın immiqrasiya qanunlarını pozduqları aşkarlanıb.

Məlumata əsasən, saxlanılan şəxslər müvəqqəti miqrant saxlama mərkəzinə yerləşdirilib və deportasiya prosedurları davam etdirilir.

Bildirilib ki, Gürcüstan son dövrlərdə qanunsuz miqrasiya ilə mübarizəni gücləndirib.

Qeyd olunub ki, ölkə parlamenti immiqrasiya qanunvericiliyini sərtləşdirərək deportasiya və miqrantların axtarışı prosedurlarını sadələşdirib.

Məlumata görə, hər ay onlarla xarici vətəndaşın ölkədən çıxarılması ilə bağlı məlumatlar açıqlanır.

Aminə ŞAHSUVARQIZI

 

Chosen
18
redaktor.az

1Sources