EN

YANLIŞLARI DÜZƏLTMƏ YÖNTƏMİ

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gənclikdə yol verdiyin yanlışları düzəltməsən, onlar ömür boyu səni təqib edəcək

Xaləddin İbrahimli, professor

İnsan dünyaya gələndə sanki boş bir səhifə kimidir, zaman keçdikcə bu səhifə dolmağa başlayır. Valideynlərin, qohumların dedikləri, müəllimlərin, tay-tuşların fikirləri, toplumun qaydaları bir-bir həmin səhifəyə yazılır. Biz isə çox vaxt bu yazılanları yoxlamadan qəbul edirik. Uşaqlıqda eşitdiyimiz cümlələr illər sonra belə bizim daxili səsimizə çevrilir.

Psixologiyada bu proses “Internalization” adlanır - yəni başqalarının fikirlərinin insan tərəfindən öz düşüncəsi kimi qəbul edilməsi. Uşaq vaxtı kimsə - “sən bacarmazsan” deyir. İllər keçir və insan bunu artıq özü-özünə deyir: “Mən bu işi bacarmaram”. Şəxs əvəzliyi dəyişir, amma qaynaq dəyişmir. Bu proses çox vaxt fərqinə varmadan baş verir. Çünki gənclik dövründə insanın ən böyük ehtiyacı qəbul olunmaqdır. Ona görə də çox insan, “doğrudurmu?” sualından çox “hamı belə deyir” düşüncəsi ilə yaşayır. Beləcə, başqalarının fikirləri insanın daxili proqramına çevrilir.

Amma həyatın müəyyən bir mərhələsində insan dayanıb düşünməyə başlayır (və ya mütləq başlamalıdır): “Bu düşüncə doğrudan mənə aiddir, yoxsa kiminsə, nə vaxtsa mənə dediyidir?”

Özünütəftiş məhz burada başlayır.

Psixologiyada buna “Cognitive restructuring” deyilir - yəni köhnə düşüncələri yoxlamaq, sorğulamaq və daha sağlam düşüncə ilə əvəz etmək. Bu metod xüsusilə Koqnitiv-davranış terapiyasında istifadə olunur və insanın həyatına real təsir göstərir.

Bu proses sanki uzun müddət təmizlənməyən bir otağa bənzəyir. İllərlə yığılan əşyalar var: bəziləri lazımdır, bəziləri isə artıq heç bir işə yaramır. Amma sən onları sadəcə öyrəşdiyin üçün saxlayırsan. Bir gün qərar verirsən ki, otağı təmizləyəsən. Hər şeyi bir-bir yoxlayırsan və lazımsız olanları atırsan. Beyin də eynidir. Orada da illərlə yığılan inanclar var. Onları ayırd etməsən, hamısı birlikdə həyatını idarə edir, düşüncələrinə, davranışlarına, qəbul etdiyin qərarlara təsir göstərir.

Məsələn, Franz Kafka uzun illər atasının sərt tənqidləri altında böyümüşdü. Atasının “sən zəifsən” mesajı onun daxilində dərin iz qoymuşdu. Bu daxili konflikt onun yaradıcılığında açıq görünür. Kafka böyük yazıçı oldu, amma ömrü boyu öz dəyəri ilə bağlı mübarizə apardı. Bu, içsəlləşdirilmiş düşüncələrin insanı necə izlədiyinə bir nümunədir.

Amerikalı televiziya aparıcısı, prodüser, aktrisa və sahibkar Opra Uinfri uşaqlıqda yoxsulluq və travmalar yaşamasına baxmayaraq, ona verilən “sən heç nə olmayacaqsan” mesajlarını qəbul etmədi. O, bu inancları sorğuladı və dəyişdirdi. Bu isə onun həyatını tam fərqli istiqamətə apardı. Bu, özünü təftişin gücüdür.

Eynşteyn isə məktəbdə müəllimləri tərəfindən “ləng uşaq” hesab olunurdu. Əgər o, bu etiketi özünə aid etsəydi, bəlkə də tarix başqa cür yazılardı. Amma o, bu fikri qəbul etmədi. Yəni o, başqasının fikrini öz kimliyinə çevirmədi.

Psixoloq Aaron Bek deyirdi ki, insanları narahat edən hadisələrin özü yox, onların həmin hadisələr haqqında düşüncələridir. Bu fikir çox şeyi izah edir. Yəni problem həyatın özü deyil, bizim ona verdiyimiz mənadır.

İnsan dünyanı olduğu kimi yox, düşündüyü kimi görür. Düşüncələr eynək kimidir. Əgər eynək çirklidirsə, hər şey bulanıq görünür. Özünütəftiş - o eynəyi silməkdir.

Bir insan illərlə “gecdir” (və ya tezdir) deyə düşünə bilər və heç vaxt başlamaz. Amma bir gün bu fikri dəyişib “indi başlamaq üçün ən yaxşı vaxtdır” deyəndə, həyatında real dəyişiklik başlayır. Kiçik bir fikir dəyişir, amma nəticəsi böyük olur.

Bu gün bir çox insan həyatını dəyişmək istəyir. Amma əslində dəyişməli olan həyat yox, onu idarə edən düşüncələrdir. Çünki davranışlarımız düşüncələrimizdən doğur.

Sonda insan bir həqiqəti anlayır: o, indiyə qədər təkcə öz həyatı ilə yox, başqalarının fikirləri ilə də yaşayıb. Və əgər o fikirləri yoxlamasa, bu belə davam edəcək.

Böyümək sadəcə yaş almaq deyil. Böyümək - öz düşüncələrini başqalarının düşüncələrindən ayıra, seçə bilməkdir. Bu həyat ya başqasının səsi ilə yaşanır, ya da insan öz səsini tapıb onunla yaşayır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
70
azpolitika.info

1Sources