Bloomberg: Yeni texnologiya küçədə 100 düymlük ekran yaratmağa imkan verir...
Çin avtomobil istehsalçıları film proyeksiya edə bilən innovativ faralar hazırlayıblar.
Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.
Məlumata görə, yeni sistem avtomobil faralarının divara və ya digər səthə görüntü ötürməsinə imkan yaradır. Məsələn, Stelato S9 sedanında quraşdırılmış texnologiya açıq havada 100 düymlük ekran ölçüsündə film nümayiş etdirməyə qadirdir.
Bildirilir ki, 2 meqapiksellik faralar yalnız əyləncə məqsədi daşımır. Onlar eyni zamanda yol səthinə piyadaların keçidi istiqamətini göstərən oxlar, eləcə də naviqasiya işarələri proyeksiya edə bilir.
İstehsalçılar hesab edirlər ki, bu texnologiya sürücülərə əlavə məlumat verməklə təhlükəsizliyi artıracaq və avtomobilləri daha funksional edəcək.
Bununla belə, Bloomberg qeyd edir ki, digər nəqliyyat vasitələrinin sürücülərinin yolda görünən görüntülərdən yayınmasının qarşısının necə alınacağı hələlik aydın deyil.
Ekspertlərin fikrincə, tənzimləyici qurumlar yeni texnologiyanın tətbiqi ilə bağlı xüsusi qaydalar hazırlamalı olacaq.
Analitiklər bildirirlər ki, Çin avtomobil sənayesi ağıllı texnologiyalar sahəsində rəqabəti daha da gücləndirir.
Poliqon.info