EN

Elektromobil dalğası qapımızdadır - İrana qarşı savaş Bakıya çatır...  

ABŞ-İsrail tandeminin İrana qarşı hücumları Yaxın Şərqlə yanaşı enerji üzərindən bütün dünyanı silkələyir. Neft bahalaşır, bazarlar gərginləşir və bu prosesin səssiz, amma ən strateji nəticəsi artıq görünməkdədir – dünya elektrikə keçir.

Bu dalğa gec-tez Azərbaycana da çatır. Əslində, artıq çatıb. Son aylarda müşahidə olunan proseslər göstərir ki, Azərbaycanda elektromobillərə maraq nəzərəçarpacaq dərəcədə artır. Bunun səbəbləri sırasında dövlətin elektromobillər üçün tətbiq etdiyi vergi və gömrük güzəştləri, şəhər daxilində daha ucuz istismar xərcləri, şarj infrastrukturu üzrə ilkin genişlənmənin artması həlledici rol oynayır. Əgər neft qiymətləri bu templə artmağa davam edərsə, elektromobil artıq alternativ yox, zərurətə çevriləcək.

Bu prosesdə ən maraqlı məqam isə bazarın kimlər tərəfindən doldurulacağıdır. Qərb markaları hələ də bahalı seqmentdə qalır. Amma BYD, eləcə də digər Çin istehsalçıları qiymət və texnologiya balansı ilə bazarı sürətlə ələ keçirir. Bu tendensiyanın Azərbaycana təsiri qaçılmazdır. Çin elektromobilləri daha əlçatan qiymətlərlə bazara daxil olur. Orta seqment 2026-cı ilin Çin istehsallı elektromobili Bakıda 27-32 min manatdırsa, Avropa və ABŞ istehsalçılarının eyni seqmentdə qiymətləri 12-15 min manat bahadır.


Artıq Bakıda BYD, eləcə də digər Çin modellərinin görünməsi təsadüfi deyil, bu, gələcək bazarın ilkin siqnalıdır. Amma prosesin zəif nöqtəsi də var. Elektromobil bumunun qarşısını ala biləcək əsas faktor infrastrukturdur. Şarj stansiyalarının sayının məhdudluğu, regionlarda demək olar ki, olmaması, ölkənin elektrik şəbəkəsinin əlavə yüklənməyə hazırlıq səviyyəsi hələ ki, arzuolunan səviyyədə deyil. Əgər dövlət bu sahəyə ciddi investisiya yatırmasa, artan tələbat xaotik bazar yarada bilər.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
19
1
musavat.com

2Sources