EN

Azərbaycan ilə Ukrayna arasında qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq davamlı inkişaf edir

Bakı, 27 aprel, AZƏRTAC

Bu gün Azərbaycan suverenliyini tam bərpa etmiş dövlət olaraq ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünə hörmət nümayiş etdirən bütün dost dövlətlərlə, tərəfdaşlarla eyni bərabər və qarşılıqlı etimada əsaslanmış siyasətə sadiqliyini ifadə edir. Ukrayna da o dost dövlətlərdəndir ki, bu günə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, hər zaman ölkəmizin haqlı və ədalətli işinə siyasi müstəvidə dəstək verib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli məclisin deputatı, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qurupunun üzvü Məzahir Əfəndiyev deyib.

Onun sözlərin görə, Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Bu gün Azərbaycan və Ukrayna təkcə dost deyil, həm də mühüm strateji tərəfdaşdırlar. 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənədin imzalanması iki ölkə arasında münasibətlərin formalaşması və inkişafına əməli töhfə olub. Eyni zamanda, dövlət başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.

Deputat diqqətə çatdırıb ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəmizə son səfəri çərçivəsində keçirilən görüşlər Azərbaycanla Ukraynanın bir-birinə daha yaxın olması və xalqlarımızın daha da sıx dostluq etməsinə nəinki şərait yaradır, eyni zamanda, dəyişən qlobal siyasi arxitektura fonunda yeni əməkdaşlıq imkanlarının təməlini qoyur. “Səfər çərçivəsində Ukrayna Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyev ilə ikitərəfli, eləcə də hökumət nümayəndələrinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirməsi artıq hər iki müstəqil dövlətin yüksək münasibətlərini bir daha təsdiqləmiş oldu. Bu əlaqələr hər iki dövlət başçısının da qeyd etdiyi kimi, bu günə qədər formalaşmış qarşılıqlı etibar, hörmət və strateji dostluq münasibətlərini daha da inkişaf etdirməyi, Cənubi Qafqaz regionunda söz sahibinə çevrilmiş, lokomotiv qüvvə hesab olunan Azərbaycanla daha dərindən iqtisadi-ticari münasibətləri inkişaf etdirməyi hədəfləyir”, - deyə M.Əfəndiyev vurğulayıb.

O bildirib ki, dörd ildən artıq müddətdə şiddətli müharibə şəraitində yaşayan Ukrayna xalqına dəstək olmaq məqsədilə Azərbaycan Prezidentinin göstərişi ilə dost ölkəyə humanitar yardımlar göndərilib, eləcə də Ukraynada geniş fəaliyyət göstərən SOCAR vasitəsilə, xüsusilə qış fəslində, enerji sahəsində köməklik göstərilib. Eyni zamanda, Ukraynada müharibədən əziyyət çəkmiş uşaqların Azərbaycan hökuməti tərəfindən ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilməsi işləri bu gün də uğurla davam etdirilir. Ümumilikdə Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin inkişafında siyasi məsləhətləşmələr, iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya vacib rol oynayır. Azərbaycan-Ukrayna əlaqələri ikitərəfli formatla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam etdirilir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz bir-birinə qarşılıqlı dəstək nümayiş etdirirlər.

Deputat qeyd edib ki, parlamentlərarası dostluq qrupu platformaları da iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Milli Məclisdə Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu 1995-ci ildən fəaliyyət göstərir. 2020-ci ildə isə Ali Radada Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupu yaradılıb.

“Keçən müddət ərzində istər təşkil olunan milli bayramlar, bir sıra sosial layihələr, istərsə də qarşılıqlı səfərlər çərçivəsində onun da üzvü olduğu Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəallıq nümayiş etdirərək iki ölkə arasında mövcud dostluq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verib. Müşahidə olunan dostluq münasibətləri və keçirilən görüşlər bu gün hər iki ölkə xalqlarının rifahı naminə böyük işlərin uğurla davam etdirilməsinə rəvac verir”, - deyə M.Əfəndiyev əlavə edib.

Chosen
24
50
azertag.az

10Sources