EN

Azərbaycan Ukrayna strateji əməkdaşlığının yeni “yol xəritəsi” ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana son səfərinə olan böyük maraq yalnız Ukrayna liderinin ölkəsinin cəlb olunduğu müharibənin başlanmasından sonra Azərbaycana ilk səfəri olması ilə bağlı olmayıb, həm də səfər zamanı imzalanan sənədlərin hamısının strateji xarakter daşımasında özünü göstərdi. Beynəlxalq münasibətlər sisteminin və regional əlaqələrin öz tarixinin hazırda son dərəcə qarmaqarışıq, mütəhərrik, çox mürəkkəb və çətin bir dövründən keçməsini nəzərə almasaq, tarixən həmişə bir-biri ilə dostluq münasibətləri saxlayan iki dövlətin başçılarının səfərləri normal hadisə kimi qarşılanmalıdır. Lakin məhz hazırkı mərhələdə Qəbələdə baş tutan danışıqların əsas nəticəsi altı ikitərəfli sənədin imzalanmasının dərin hərbi-texniki əməkdaşlıq və silahların birgə istehsalının, xüsusilə pilotsuz texnologiyalar sahəsində əməkdaşlığın əsasının qoyulması səfərin mahiyyətinin sıradan bir görüşdən çox, strateji əməkdaşlığın bilavasitə təhlükəsizlik məsələsini əsas alması və bu istiqamətdə münasibətlərin daha da intensivləşdirilməsini nəzərdə tutduğunu göstərir. Ümumiyyətlə, Qəbələ görüşündə danışıqların əsas aspektlərinin müdafiə sənayesi və bu sahədə birgə istehsalı; hava məkanının təhlükəsizliyi və qarşılıqlı texnoloji imkanların inteqrasiyası; enerji təhlükəsizliyi və davamlılığı; iqtisadiyyat və investisyalar; humanitar dəstək və sosial təşəbbüslərin təşkil etdiyi aydın olur.

Azərbaycan və Ukrayna arasındakı münasibətlərin tarixinə nəzər saldıqda aydın olur ki, 1991-ci ildən keçən 35 ilə yaxın müddətdə ardıcıl olaraq strateji tərəfdaşlıq, qarşılıqlı etimad və bir-birinin suverenliyinə sarsılmaz dəstək üzərində qurulmuşdur. Bu münasibətlər həm ikitərəfli, həm də beynəlxalq platformalarda regional güc mərkəzlərinin maraqları fonunda xüsusi bir dayanıqlılıq nümayiş etdirmişdir. Hər iki ölkə müstəqilliyini qazandıqdan dərhal sonra – 1992-ci il fevralın 6-da diplomatik əlaqələr qurulub və dövlətlərimiz bir-birinin ərazi bütövlüyünü tanıyan ilk ölkələrdən olublar. Qəbələ görüşünədək dövlətlər arasındakı əməkdaşlıq üzrə 162 sənədin imzalanması özü-özlüyündə Azərbaycan-Ukrayna münasibətlərinin mehriban dostluq xarakteri daşıdığını söyləməyə əsas verir. Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 25-də mətbuata bəyanatında səsləndirdiyi aşağıdaki fikirlər də bunu sübut edir: “2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır və bunlar çox güclü siyasi sənədlərdir. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir”.

Yeri gəlmişkən, ölkələrimiz öz müstəqillikləri dövründə ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə müdaxilə problemi ilə qarşılaşıb. Ukrayna Azərbaycanın (keçmiş Qarabağ münaqişəsində), Azərbaycan isə Ukraynanın (Krım və Donbas məsələlərində) ərazi bütövlüyünü bütün beynəlxalq təşkilatlarda (BMT, ATƏT, Avropa Şurası) qeyd-şərtsiz açıq bəyanatla dəstəkləyib. Bundan başqa, 1997-ci ilin oktyabrında əsası qoyulan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkilatı bu ölkələrin postsovet məkanında müstəqil xarici siyasət yürütmək və regional münaqişələrə qarşı birgə cəbhə formalaşdırmaq iradəsini nümayiş etdirib.

İki dost ölkə arasında müstəqilliyin bütün tarixi ərzində yüksələn xətlə inkişaf edən iqtisadi əlaqələr sadəcə ticari münasibətləri özündə ehtiva etməklə qalmayıb, eyni zamanda regional enerji təhlükəsizliyi zəncirinin bir hissəsinə çevrilib. Azərbaycanın dövlət neft şirkəti SOCAR Ukraynanın enerji bazarında ən böyük investorlardan biridir. Ölkənin dörd bir tərəfində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsi Azərbaycanın Ukrayna iqtisadiyyatındakı fiziki varlığının rəmzidir. İllər ərzində ticarət dövriyyəsi stabil olaraq artıb və artıq yarım milyard dollar həddini keçib. Ukraynadan Azərbaycana daha çox kənd təsərrüfatı və qida məhsulları, metal və maşınqayırma avadanlıqları gəlir; Azərbaycandan isə neft-qaz və kimya məhsulları ixrac olunur.

Azərbaycanın dövlət başçısı öz bəyanatında birgə təşəbbüslərin, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlərin ətraflı müzakirə edildiyini vurğuladı. Xatırladaq ki, bir neçə gün əvvəl, aprelin 22-23-də Belçikanın paytaxtı Brüsseldə keçirilən və Avropa Komissiyası, Ukrayna Hökuməti və Polşa tərəfindən birgə təşkil olunan Avropa Birliyi-Ukrayna Biznes Sammitində Avropa Genişlənmə üzrə Komissarı Marta Kos Ukraynanı Avropada investisiya üçün ən strateji və perspektivli bölgələrdən biri adlandıraraq beynəlxalq şirkətləri bütün siyasi proseslərin tamamlanmasını gözləmədən bu ölkədəki layihələrə dərhal investisiya qoymağa çağırıb. Qeyd edək ki, artıq 25-26 iyun 2026-cı il tarixlərində Polşanın Qdansk şəhərində Ukrayna Bərpa Konfransının keçirilməsi də qərara alınıb. Bu günlərdə Ukrayna parlamentində Yaxın Şərqdəki gərginlik fonunda bu ölkə üçün enerji ehtiyatlarının həyati əhəmiyyət daşıyan məsələyə çevrildiyini, həm ordunun təminatı, həm də ölkənin ərzaq təhlükəsizliyi üçün vacib faktor olduğu nəzərə alınaraq Azərbaycanla və Qazaxıstanla müvafiq sazişlərin bağlanmasına edilən çağırışlar fonunda Ukrayna liderinin Azərbaycana səfəri və sərmayə qoyuluşu ilə bağlı məsələlərin müzakirə edilməsi yaxın perpektivdə iki ölkə arasında ticari-iqtisadi əlaqələrin həcminin xeyli artacağını söyləməyə əsas verir.

Görüş zamanı əsas müzakirə mövzularından biri olan müdafiə və təhlükəsizlik məsələsindən danışarkən qeyd etməliyik ki, iki dövlət arasında bu sahədə əməkdaşlığın da zəngin tarixi vardır. 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Azərbaycan ordusunun modernləşdirilməsində (təyyarələr, zirehli texnika, artilleriya sistemləri) Ukrayna hərbi sənayesinin rolu böyük olub. Bu gün isə bu əməkdaşlıq daha çox birgə istehsala və texnologiya mübadiləsinə doğru istiqamət alıb. Azərbaycan və Ukrayna münasibətləri “heç bir dövlətin əleyhinə yönəlməyən, lakin öz milli maraqlarını hər şeydən üstün tutan” bir modeldir. Hər iki ölkə oxşar tarixi sınaqlardan (işğal, suverenlik mübarizəsi) keçdiyi üçün bir-birini daha yaxşı başa düşür. İki dost dövlət son illərdə yeni hərbi texnologiyalara əsaslanan müharibələr aparmaq məcburiyyətində qalıblar və hər iki ölkənin bu sahədə bir-biri ilə bölüşəcək tamamilə yeni və üstün təcrübələri də vardır ki, bu da hərbi-texniki əməkdaşlıqla bağlı çox böyük perspektivlərin olduğu qənaətini möhkəmləndirmişdir. Ukraynanın 4 ili aşan müddətdə döyüş təcrübəsi və Azərbaycan texnoloji imkanlarına əsaslanan hərbi məhsulların istehsalı layihələrinin başlanması, Ukraynanın hava hücumundan müdafiə və dron hücumlarına qarşı müdafiə sahəsində biliklərinin öyrənilməsi, Azərbaycan tərəfindən Ukraynanın həm də hərbi ehtiyaclarının qarşılanması üçün enerji sisteminə əlavə dəstək verilməsi məsələləri bu perspektivin əsas istiqamətləridir.

Münasibətlərin ən səmimi tərəfi, şübhəsiz ki, humanitar sahədə təcəssüm edir. Ukraynada böyük və aktiv bir Azərbaycan diasporu mövcuddur. Eyni zamanda, minlərlə azərbaycanlı tələbə Ukraynanın ali məktəblərində (Xarkov, Kiyev, Odessa) təhsil alıb və bu, iki cəmiyyət arasında güclü mədəni körpünün yaradılmasında vacib faktorlardan biri olub. Bundan başqa, 2022-ci ilin fevralından hərbi təcavüzün yeni və daha qanlı mərhələsi ilə üz-üzə qalan Ukraynaya Azərbaycanın göstərdiyi humanitar yardımlar, ukraynalı uşaqların Azərbaycanda reabilitasiya keçməsi və İrpen şəhərindəki infrastruktur layihələri bu dostluğun sadəcə kağız üzərində olmadığını sübut edir. Volodimir Zelenskinin müharibənin 4 illik tarixi ərzində Azərbaycandan göstərilən 11 yardım paketinə və hazırda ölkəmizdə olan beş yüzdən artıq ukraynalı uşağın reablitiasiyası istiqamətində göstərilən humanitar dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirməsi qarşılıqlı əlaqələrin ən yaxşı göstəricilərindən biri kimi nəzərdən keçirilməlidir.

Dünya elə bir dövrdən keçir ki, təcrübədə dövlətlərarası münasibətlərdə liderlərin şəxsi nümunəsi və qarşılıqlı əlaqələri bir çox hallarda müstəsna və həlledici amilə çevrilir. Bu baxımdan prezidentlər İlham Əliyev və Volodimir Zelenski arasındakı şəxsi dostluq münasibətləri və iki lider arasında son illərdəki görüşlərin tezliyi bu strateji tərəfdaşlığın XXI əsrin yeni geosiyasi reallıqlarında daha da möhkəmlənəcəyini vəd edir.

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
2
sesqazeti.az

3Sources