Alimlər müəyyən ediblər ki, hətta ultratəmizlənmiş qidaların (fast food, çips və s.) az miqdarda istifadəsi belə diqqət və informasiya emalı sürətinin azalması ilə əlaqəlidir.
Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Alzheimer's & Dementia: Diagnosis, Assessment & Disease Monitoring" jurnalında dərc olunub.
Araşdırma Monash University alimləri tərəfindən aparılıb. Tədqiqatda demensiya əlamətləri olmayan 2100-dən çox Avstraliya sakini iştirak edib. İştirakçıların qidalanma vərdişləri onların diqqət və düşünmə sürətini ölçən koqnitiv testlərin nəticələri ilə müqayisə olunub.
Nəticələr göstərib ki, qida rasionunda ultratəmizlənmiş məhsulların payı artdıqca diqqət göstəriciləri pisləşir. Bu tip qidalara sənaye üsulu ilə dərin emaldan keçmiş, tərkibində dadlandırıcılar, stabilizatorlar və digər əlavələr olan məhsullar — qazlı içkilər, çipslər, fast food və hazır yeməklər daxildir.
Alimlərin hesablamalarına görə, gündəlik rasionda bu cür qidaların payının cəmi 10% artması (təxminən bir paket çipsə bərabər) artıq diqqətin azalması ilə əlaqələndirilir. Maraqlıdır ki, bu təsir ümumi qidalanmanın keyfiyyətindən asılı olmayaraq müşahidə olunub — yəni sağlam qidalanan insanlarda belə ultratəmizlənmiş qidaların yüksək payı mənfi təsir göstərib.
Tədqiqat müəllifləri bildirirlər ki, bu əlaqə yalnız faydalı qidaların azlığı ilə izah olunmur. Ehtimal edilir ki, qidaların emal səviyyəsi onların strukturunu dəyişir və beyin fəaliyyəti üçün potensial zərərli maddələrin yaranmasına səbəb olur.
Eyni zamanda qeyd olunur ki, yaddaşın zəifləməsi ilə bağlı birbaşa əlaqə aşkarlanmayıb. Lakin diqqət əsas koqnitiv funksiyalardan biri hesab olunur və öyrənmə, qərarvermə və gündəlik fəaliyyətlər üçün böyük əhəmiyyət daşıyır.
NURİYYƏ