PSJ-nin cinah hücumçusu Xviça Kvaratsxeliya futbol əfsanəsi Dieqo Maradona ilə müqayisələrə münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, gürcü futbolçu “Napoli”də çıxış etdiyi dövrdə azarkeşlərin onu “Kvaradona” adlandırdığını xatırladıb.
“Napolidə oynayanda küçədə məni ‘Kvaradona’ deyə çağırırdılar. Səni oyunun ən yaxşılarından biri ilə müqayisə edəndə bu, həmişə xoş olur. Maradona Napolidə oynayıb, şəhərdəki hər evdə onun şəkilləri var. O, həqiqətən də futbol tarixinin ən böyüklərindən biridir. Bu ləqəblə fəxr edirəm.
Amma etiraf etməliyəm ki, Maradona ilə müqayisə olunmaq asan deyil, çünki hər oyuna çıxanda bu ləqəbi doğrultduğunu sübut etməlisən. Buna baxmayaraq, çox sevinirəm”, – deyə Kvaratsxeliya "RMC Sport"a açıqlamasında bildirib.