Panama sahillərində onilliklər boyu regionda həyatı dəstəkləyən mühüm təbii prosesin qəfil dayanması elmi ictimaiyyətdə ciddi narahatlıq yaradıb...
Poliqon xəbər verir ki, bu barədə Science Daily məlumat yayıb.
Materialda qeyd olunur ki, hər il dekabrdan aprelə qədər güclü şimal passat küləkləri apvellinq prosesini - okeanın dərinliklərindən qida maddələri ilə zəngin soyuq suyun səthə qalxmasını - işə salırdı.
Lakin 2025-ci ildə bu sabit mexanizm 40 illik müşahidələr tarixində ilk dəfə baş verməyib. Smithsonian Tropik Tədqiqat İnstitutunun (STRI) araşdırmaçıları bildirirlər ki, bunun səbəbi qeyri-adi dərəcədə zəif küləklər olub. Nəticədə sahil suları isinib və okeanın məhsuldarlığı kəskin şəkildə azalıb.
Bu hadisə ekosistem üçün həyati əhəmiyyət daşıyır. Tədqiqatda vurğulanır ki, apvellinq yüksək məhsuldar balıqçılığı təmin edir, mərcan riflərini istilik stresindən qorumağa kömək edir və Panama Sakit okean sahillərində suyun sərin qalmasını saxlayır.
Alimlər qeyd edirlər ki, nəticələr qlobal miqyasda hiss oluna bilər, çünki tropik apvellinq zonaları hələ də ən az öyrənilmiş ərazilərdən hesab olunur.
PNAS jurnalında dərc olunan məqalədə müəlliflər bildiriblər: "2025-ci ildə tədqiqatçılar əvvəllər heç vaxt müşahidə etmədikləri bir hadisəni qeydə aldılar. Müşahidələr tarixində ilk dəfə bu həyati vacib okeanoqrafik proses ümumiyyətlə başlamadı".
Onların fikrincə, bu hadisə okean monitorinqinin təcili şəkildə gücləndirilməsini tələb edir, çünki oxşar hallar dünyanın digər bölgələrində də təkrarlana bilər.
Poliqon.info