EN

Milli ayrıseçkiliyi təbliğ edənlər cəzalanmalıdır- ÖZƏL

Azərbaycan hökuməti irqçilik və ayrı-seçkilik ilə mübarizədə beynəlxalq hüquqi normaların və milli qanunvericiliyin tələblərini gözləməklə, cəmiyyətdə demokratik birgəyaşayışın, etnik-dini dözümlülüyün və multikultural dəyərlərin təbliği və təşviqini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qəbul edir, bu sahədə məqsədyönlü və çoxşaxəli fəaliyyət göstərir. Məhz bu siyasət sayəsində Azərbaycan dünyada tolerantlıq və multikulturalizm məkanı kimi tanınır. Ayrı-seçkiliyin bütün formaları insan hüquqlarının pozulması deməkdir. Insan hüquqları haqda Ümumi Bəyannamənin ikinci maddəsində bəyan edilir: " İnsanlar irqinə, dərisinin rənginə, cinsinə, dininə, siyasi və digər əqidəsinə, milli yaxud sosial mənşəyinə, mülki, silki, yaxud başqa vəziyyətinə görə heç bir fərq qoyulmadan hüquqlara və azadlıqlara malik olmalıdırlar." Bu prinsipi əsas tutan Azərbaycan Respublikası dövləti özünün  Konstitusiyasında irqindən, milliyyətindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Eyni zamanda dövlətimiz hər cür ayrı-seçkiliyə görə məhdudlaşdırmaları qadağan edir.
"Media haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü və 41-ci maddələrinə əsasən,  kütləvi informasiya vasitələrində irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik formalarının təbliği, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınması qadağandır.
Sosial şəbəkələrdə xarici kəşfiyyat orqanlarının təsiri altında Milli və Dini ayrıseçkilik təbliğatı gedir. Azərbaycan respublikasının vətəndaşları olan bütöv bir xalqı təhqir olunur , aşılanır ,gülüş hədəfinə çevirilir  ayrıseçkiliyə məruz qoyulur və ictima münasibəti gördükdən sonra isə  üzr istəməklə məsuliyyətdən yayınmaq istəyirlər. 
İrqçiliyə və ayrı-seçkiliyə görə hüquqi məsuliyyət. "Dini ekstremizmə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində milli, irqi, sosial və ya dini nifrətin salınmasına, böhtan və təhqirə görə hüquqi məsuliyyət nəzərdə tutan bir çox müddəalar mövcuddur (Cinayət Məcəlləsinin 104, 147, 148, 283-cü maddələri). Cinayət Məcəlləsinin 283-cü maddəsinə əsasən, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması cinayət hesab olunur və milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə, milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və mütəşəkkil dəstə tərəfindən törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" 30 sentyabr 1998-ci il tarixli Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir.
"Bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar". Bu "İnsan Hüquqlari haqqında" Ümumi Bəyannamənin ilk cümləsidir ki, bu sənəd insan hüquqları sahəsində beynəlxalq hüququn əsasını qoymuşdur.
"İnsan hüquqlari haqqında" Ümumi Bəyannamənin (1948-ci il) 2-ci maddəsinə əsasən, hərbir şəxs irqindən, dərisinin rəngindən,  cinsindən, dilindən, dinindən, siyasi və digər əqidəsindən, milli və ya sosial mənşəyindən, əmlak, sosial mövqe və digər vəziyyətindən asılı olmayaraq buBəyannamədə elan olunmuş bütün  və azadlıqlara malik olmalıdır.
Konvensiyanın 14-cü maddəsində deyilir: "Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya hər hansı digər əlamətlərə  görə ayrı seçkilik olmadan təmin olunmalıdır".
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar.
Rövşən Qasımov
Vəkil, hüquqşünas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
2
22
olaylar.az

10Sources