EN

"Hücumlar əvvəlcədən planlaşdırılıb..." - Prezidentin müşaviri

Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin diplomatik müşaviri Ənvər bin Məhəmməd Qarqaş İranla davam edən böhranı şərh edib. Dubayda keçirilən "Gərginlik Zamanlarında Müttəfiqliklərin Yenidən Qiymətləndirilməsi" adlı dialoq sessiyasında çıxış edən Qarqaş bölgədəki inkişaflardan söz açıb.

Hafta.az yazır ki, Körfəz ölkələrindən 1000-dən çox media nümayəndəsinin, mütəfəkkirin və kontent yaradıcısının qatıldığı tədbirdə Qarqaş İranın hücumlarının regional təhlükəsizlik üçün ciddi nəticələrə səbəb olduğunu bildirib.

O, İranın Körfəz ölkələrinə hücumlarının kortəbii olmadığını iddia edərək deyib: "İranın Körfəz ölkələrinə hücumunun əvvəlcədən planlaşdırıldığı və daha böyük bir planın bir hissəsi olduğu aydındır; bu, son 24 və ya 48 saatda verilən qərar deyildi".

Qarqaş İranın hücumlarının "zorakı, axmaq, amansız, əvvəlcədən düşünülmüş və planlaşdırılmış" olduğunu vurğulayaraq əlavə edib ki, bu proses uzun illər davam edəcək etimad böhranı yaradıb.

BƏƏ rəsmisi İranın hücumların "ABŞ və İsrailə qarşı reaksiya" olması haqda rəvayətini rədd edib. O, həmçinin İranın müdafiə məqsədləri üçün istifadə etdiyini bildirdiyi raket və dronların qonşu ölkələrə qarşı istifadə olunduğunu nəzərə çatdırıb.

Qarqaş çıxışında böhran dövründə Körfəz və Ərəb dünyasının mövqeyini də qiymətləndirərək əməkdaşlığın gözlənilən səviyyədə olmadığını bildirib. Qeyd edib ki, keçmişdə İranla münasibətləri müxtəlif üsullarla idarə etmək cəhdləri olub, lakin bu siyasətlər uğursuzluqla nəticələnib. O, böhran dövründə Körfəz Əməkdaşlıq Şurasının vəziyyətini "tarixən ən zəif" adlandırıb.

Qardaş, həmçinin Ərəb Liqasının yanaşmasının yetərli olmadığını bildirib və bunun onu təəccübləndirmədiyini əlavə edib.

BƏƏ rəsmisi İranın hücumlarının regional təhlükəsizlik üçün əhəmiyyətli nəticələrə malik olduğu qənaətinə gəlib. Bu nəticələrə ərəb milli təhlükəsizliyində zəifliklərin ortaya çıxması və İranın qonşu deyil, təcavüzkar ölkə kimi qəbul edilməsinin güclənməsi daxil idi.

O, həmçinin ABŞ-ın bölgədəki hərbi mövcudluğunun yenidən əhəmiyyətini vurğulayıb.

Qarqaş böhrandan sonra hərtərəfli qiymətləndirmənin aparılmasının vacibliyini və həllin emosional deyil, rasional əsaslara əsaslanmalı olduğunu bildirib.

O, həllin üç elementi əhatə etməli olduğunu vurğulayıb: Region ölkələrinin maraqlarını qoruyan davamlı bir struktur, siyasi həll yanaşması və bütün Körfəz ölkələrini əhatə edən vahid strategiya.

Qarqaş BƏƏ-nin böhran dövründə güclü bir performans nümayiş etdirdiyini, təhlükəsizlik, diplomatiya və böhranların idarə edilməsi sahələrində nümunəvi bir model yaratdığını bildirib.

BƏƏ-nin şüurlu liderlik, tolerant ictimai struktur və şaxələndirilmiş iqtisadiyyat kimi elementlərlə güclü bir təməl qurduğunu, bu prosesin infrastruktur investisiyalarını və beynəlxalq mövqeyini daha da gücləndirdiyini söyləyən Qarqaş BƏƏ-nin beynəlxalq arenada son zamanlar qazandığı müxtəlif uğurların ölkəyə göstərilən etimadı da əks etdirdiyini bildirib. Bu inkişaflara beynəlxalq görüşlərə ev sahibliyi etmək hüquqları, diplomatik təşəbbüslər və qlobal indekslərdə əldə edilən mövqelər daxildir.

Çıxışda BƏƏ-nin böhranlar qarşısında təkcə müdafiədə deyil, həm də diplomatik və humanitar sahələrdə aktiv rol oynadığı vurğulanıb.

Chosen
43
hafta.az

1Sources