EN

Bakının tarixini sözə çevirən ustad qələm sahibi

ain.az, Azertag saytına istinadən bildirir.

Bu gün Xalq yazıcısı, görkəmli ədib Qılman İlkinin doğum günüdür

Bakı, 28 aprel, AZƏRTAC

Bu gün Xalq yazıcısı, görkəmli ədib Qılman İlkinin doğum günüdür.

AZƏRTAC anadan olmasından 112 il ötən tanınmış nasirin ömür yolunun və yaradıcılığının bəzi məqamlarına yenidən nəzər salıb.

Qılman İlkin Musayev ədəbi yaradıcılığa “Yaralı şahin” adlı hekayəsi ilə başlayan Q.İlkin 1947-ci ildə “Həyat yollarında” adlı ilk kitabını nəşr etdirib. Eyni adlı povestdə müəllif görkəmli dramaturqumuz Nəcəf bəy Vəzirovun uşaqlıq illərinin maraqlı, yaddaqalan lövhələrini yarada bilib. 1949-cu ildə hekayələrdən ibarət ikinci kitabı nəşr edilib, sonra Q.İlkin daha məhsuldar çalışaraq “Üçtəpə uşaqları”, “Sahil küçəsində”, “Yazılı daş”. “Qalada üsyan” kitablarını yazıb. Axırıncı əsər müəllifinə daha çox şöhrət qazandırıb və onun motivləri əsasında uşaqların və böyüklərin çox sevdiyi “Yenilməz batalyon” filmi çəkilib. Onun qələmindən çıxan “Şah və qarışqa”, “Şimal küləyi”, “Tapşırıq”, “Sərvinazım mənim”, “Ömrün oğlan çağları”, “Dağlı məhəlləsi”, “Tayqa nağılı”, “Dəniz qapısı” və s. kitabları bu gün də maraqla oxunur.

Professor Qara Namazov yazırdı: “Q.İlkinin əsərlərinin mövzu dairəsi genişdir. Onun əsərlərində təkcə inqilabi keçmişimiz və vətəndaş müharibəsi deyil, dinc quruculuq illərində uşaqların təhsili, işi və fəaliyyəti, vətənimizin zəngin sərvətlərinin axtarılması, kəndlərimizin keçmişinin və bu gününün öyrənilməsi və s. geniş və ətraflı təsvir, tərənnüm olunmuşdur”. Mövzusu və ideyası bugünkü baxımdan məqbul görünməsə də, Qılman İlkinin sənətkarlıqla qələmə alınmış əsəri “Şimal küləyi”dir. Burada xalqımızın keşməkeşli tarixinin müəyyən, hələ düzgün şərhi verilməyən illərinin bədii mənzərəsi vardır.

Yazıçının ensiklopedik səciyyəyə malik olan “Bakı və bakılılar” əsəri bizə təkcə Bakı tarixindən deyil, onun coğrafiyasından, mədəniyyətindən, mənəviyyatından, iqtisadiyyatından, adət-ənənələrindən, yaşayış tərzindən geniş və ətraflı məlumat verməklə yanaşı sanki köhnə Bakımızı qarış-qarış gəzdirir, möhtəşəm bir tarixlə bizi tanış edir. Çox zəngin arxiv materialları və tarixi faktlarla əhatə edilən bu əsərdə yazıçı Qılman İlkini yalnız Bakı tarixinin bilicisi kimi deyil, həm də bir ədəbiyyatşünas, mətbuatşünas, arxivşünas, kitabşünas, alim kimi də çıxış edir.

“Kölgələr sürünür”, “Yenilməz batalyon” bədii filmlərinin və bir neçə televiziya filminin ssenarisini də Qılman İlkin yazıb. Görkəmli yazıçı xidmətlərinə görə bir çox fəxri adlar, orden və medallarla mükafatlandırılıb.

Yazdığı dəyərli əsərlərlə əbədiyaşarlıq qazanan yazıçı 2009-cu il noyabrın 6-da dünyasını dəyişib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
50
1
azertag.az

2Sources