EN

Xidmət rəisi: Nümunəvi müəssisələrdə “Vision Zero” modelinin tətbiqi istiqamətində işlər həyata keçirilir

Bakı, 28 aprel, AZƏRTAC

Əməyin mühafizəsi və iş yerlərində təhlükəsizliyin təmin olunması sistemli yanaşma və düzgün idarəetmə prinsiplərinin tətbiqini tələb edir. Bu çərçivədə nümunəvi müəssisələrdə “Vision Zero” modelinin tətbiqi istiqamətində işlər həyata keçirilir. “Vision Zero” iş yerlərində ölüm hallarının, ağır xəsarətlərin və peşə xəstəliklərinin qarşısının alınmasını hədəfləyən beynəlxalq təhlükəsizlik modelidir və “hər qəzanın qarşısı alına bilər” prinsipinə əsaslanır.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş " İş yerlərində psixososial risklərin idarə olunması: Müasir yanaşmalar və həll yolları" mövzusunda keçirilən konfransda deyib.

Xidmət rəisi qeyd edib ki, bu model risklərin əvvəlcədən idarə olunmasını, rəhbərlik və işçilər arasında birgə məsuliyyətin gücləndirilməsini, həmçinin təhlükəsizlik, sağlamlıq və rifah istiqamətlərində preventiv mədəniyyətin formalaşdırılmasını nəzərdə tutur: "Bu yanaşma müəssisələrdə davamlı və təhlükəsiz əmək mühitinin qurulmasına xidmət edir. “Vision Zero” yanaşmasının 7 qızıl qaydası bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. Bu qaydalara liderlik və prinsiplərə sadiqliyin artırılması, təhlükələrin müəyyən edilməsi və risklərin idarəolunması, məqsədlərin müəyyənləşdirilməsi və proqramların hazırlanması, təhlükəsizlik və əməyin gigiyenası sisteminin qurulması, iş yerlərində təhlükəsizlik və gigiyenanın təmin edilməsi, ixtisas səviyyəsinin artırılması və peşəkar bacarıqların inkişaf etdirilməsi, həmçinin kadr potensialına investisiya qoyuluşu və iştirakçılığın təşviqi daxildir", - deyə Vəli Quliyev qeyd edib.

Müxbir - Günel Türksoy
Fotoqraf - Səfiyar Məcnun
Chosen
53
2
azertag.az

3Sources