EN

Buraxılış imtahanında yenilik: 15 dəqiqə nəyi dəyişəcək? (AÇIQLAMA)

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

"İlk baxışdan 15 dəqiqə ironik görünə bilər. Amma hər bir abituriyentin tələbə olması üçün 15 dəqiqə kifayət qədər əhəmiyyətli vaxtdır".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri gələn il buraxılış imtahanında əlavə vaxtın verilməsi ilə bağlı qərarın mahiyyətini şərh edərkən deyib. 

Onun sözlərinə görə, ingilis dili üzrə sualların strukturunda edilən dəyişikliklərə əlavə 15 dəqiqə vaxtın verilməsi müsbət addımdır:

"Amma hesab edirəm ki, bu, yarım saat olsaydı daha yaxşı nəticə verə bilərdi. Lakin bu qərarı müəyyənləşdirən ekspertiza qrupudur. Ekspertiza qrupu müəyyən ölçmə və təhlil aparır, hər bir sual və tapşırıq üzrə cavablandırma vaxtını hesablayır və buna uyğun qərar verir. Təbii ki, hər kəs müxtəlif vaxt təklif edə bilər - kimsə deyə bilər ki, 45 dəqiqə daha uyğun olardı və s.".

Elmin Nuri hesab edir ki, bu proseslər ciddi hesablamalar əsasında aparılır:

"Məsələn, əvvəl bir mətn tipli sual var idisə, indi iki mətn tipli sual olacaq. Bu mətnlər hər biri dörd qapalı test sualını əhatə edəcək. Buna görə də cavablandırma müddətinin uzanacağı gözlənilir. Bu artım təxminən 15 dəqiqə hesablandığı üçün əlavə vaxt da məhz bu qədər müəyyən edilib".

Ekspertin fikrincə, 15 dəqiqə imtahan nəticələrinə ciddi təsir göstərməsə də, ümumilikdə müsbət dəyişiklik kimi qiymətləndirilə bilər. 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi gələn ildən buraxılış imtahanında əlavə vaxtın tətbiqini nəzərdə tutur. Belə ki, 2027-ci ildə tam orta təhsil səviyyəsi üzrə  (11 illik) buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi planlaşdırılır. Bu çərçivədə  abituriyentlərə əlavə 15 dəqiqə vaxt veriləcək. 

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
15
qaynarinfo.az

10Sources