EN

Əhməd Abbasbəyli Zohran Mamdaninin bəyanatına münasibət bildirib

Nyu-York şəhərinin meri Zohran Kvame Mamdaninin “X” platformasında 1915-ci il hadisələri və 2020–2023-cü illərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə bağlı səsləndirdiyi həqiqətdən uzaq fikirlər ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.

Mövzu ilə bağlı "Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli QHT.az-a açıqlama verib.

Əhməd Abbasbəyli bildirib ki, bu fikirlərin səbəbləri barədə danışmaq vacibdir və mövzunun konteksti izah olunmalıdır: "Əvvəla, bu bəyanatın səbəbləri barədə bir neçə söz demək istəyirəm. Nyu-York şəhərinin meri Zöhrab Kvam Mamadani qondarma “erməni soyqırımı” ilə bağlı keçirilən ənənəvi tədbir münasibətilə bəyanat verib. Hesab edirəm ki, ictimai xadimlər, xüsusilə siyasətlə məşğul olan və dövlət işində çalışan şəxslər kifayət qədər məsuliyyətli olmalıdırlar".

Ə.Abbasbəylinin sözlərinə görə, məlumatın yoxlanılması və mənbəyə istinad etmək hər kəs üçün əsas prinsip olmalıdır: "Adi bir misal çəkim; mən dövlət xadimi deyiləm, amma sizdən gələn sualı araşdırmaq üçün mütləq şəkildə həmin şəxsin dediyi fikirlərlə tanış oldum. Çünki sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində tez-tez yanlış və ya təhrif olunmuş məlumatlar yayılır. Bu səbəbdən hər hansı məsələni qiymətləndirmək üçün birbaşa mənbəyə istinad etmək vacibdir. İctimai fəallar və dövlət məmurları da məlumat yayarkən eyni məsuliyyəti daşımalıdırlar və şayiələrə deyil, etibarlı mənbələrə əsaslanmalıdırlar".

Sədr vurğulayıb ki, sözügedən bəyanat məsuliyyətsiz yanaşma kimi qiymətləndirilir və mənfi təsirlər yarada bilər: "Bu baxımdan, Zöhrab Kvam Mamadaninin bəyanatını məsuliyyətsiz və dezinformasiyaya xidmət edən bir açıqlama kimi qiymətləndirirəm. Məncə, bu cür mövqelər həm onun şəxsi nüfuzuna, həm də Nyu-York şəhərinin və ümumilikdə ABŞ dövlət qurumlarının imicinə mənfi təsir göstərə bilər. Bu məsələ yalnız bizim regionla bağlı deyil; obyektiv düşünən hər bir insan üçün belə yanaşmalar narahatlıq doğurur. Dövlət məmuruna etibar varsa, o da cəmiyyətə doğru və yoxlanılmış məlumat təqdim etməlidir".

Əhməd Abbasbəyli qeyd edib ki, ABŞ-də erməni lobbisinin təsiri uzun illərdir müşahidə olunur və siyasətçilərə təsir imkanları mövcuddur: "Digər tərəfdən, ABŞ-də uzun illərdir erməni lobbisinin aktiv fəaliyyəti məlumdur. Bu təşkilatlar müxtəlif seçkilərdə namizədlərə təsir göstərir və onların mövqelərinə müəyyən təsir etməyə çalışırlar. Görünən odur ki, bəzi siyasətçilərin bu təsirdən kənarda qalması çətindir. Xüsusilə də regionda sülh təşəbbüslərinin gündəmdə olduğu bir dövrdə bu cür bəyanatlar ABŞ-nin balanslı siyasətinə zidd təsir bağışlaya bilər".

Sədr bildirib ki, 1915-ci il hadisələri müxtəlif baxışlarla qiymətləndirilir və bu mövzu hələ də müzakirə predmetidir: "1915-ci il hadisələrinə gəldikdə isə, bu mövzu uzun illərdir müzakirə olunur. Türkiyə tərəfi dəfələrlə arxivlərin açılmasını təklif edib və məsələnin obyektiv araşdırılmasının vacibliyini vurğulayıb. Bu hadisələrin mahiyyəti ilə bağlı fərqli baxışlar mövcuddur və onların siyasi məqsədlərlə təhrif edildiyi iddiaları da tez-tez səsləndirilir".

Ə.Abbasbəylinin sözlərinə görə, həmin dövrün hadisələri müharibə şəraiti çərçivəsində təhlil olunmalıdır: "Bir çox fikirlərə görə, həmin dövrdə baş verənlər Birinci Dünya Müharibəsinin mürəkkəb şərtləri daxilində qiymətləndirilməlidir. Osmanlı İmperiyası həm xarici cəbhədə müharibə aparırdı, həm də daxildə separatçı hərəkatlarla üzləşirdi. Bu şəraitdə qəbul edilən qərarlar və baş verən hadisələr bu kontekstdə araşdırılmalıdır".

Sədr vurğulayıb ki, siyasətçilər həssas tarixi mövzularda daha balanslı və obyektiv mövqe nümayiş etdirməlidirlər: "Nəticə etibarilə, belə həssas mövzularla bağlı çıxış edən siyasətçilər daha diqqətli olmalı, tarixi məsələləri birtərəfli deyil, geniş və obyektiv şəkildə qiymətləndirməlidirlər".

Fatimə Nəbiyeva

Chosen
24
qht.az

1Sources