EN

Şule Kılıç: "EBRD Azərbaycanda "yaşıl layihə"ləri maliyyələşdirməyə hazırdır" - MÜSAHİBƏ

Qlobal enerji keçidi şəraitində Azərbaycan və Cənubi Qafqaz ölkələri iddialı planlardan bərpa olunan enerji mənbələri sahəsində ən böyük layihələrin həyata keçirilməsinə qədər genişmiqyaslı transformasiya yolu keçir. Bu dəyişikliklərin əsas hərəkətverici qüvvəsi təkcə maliyyələşdirməni deyil, həm də regionun enerji sektorunda bazar mexanizmlərinin tətbiqini təmin edən Avropa Yenidənqurma və İnkişaf Bankıdır (EBRD).

Bu gün Bank ilə əməkdaşlıq gündəliyi yeni müstəviyə keçərək külək və günəş stansiyalarının tikintisini, transsərhəd "yaşıl dəhliz"lərin yaradılmasını, enerji saxlanc sistemlərinin inteqrasiyasını və hidrogen texnologiyalarının inkişafını əhatə edir.

EBRD-nin Avrasiya regionu üzrə direktoru, Energetika Departamentinin rəhbəri Şule Topçu Kılıç "Far.Az"a müsahibəsində Bankın yaxın beş il ərzində regiondakı prioritetləri, Cənub Qaz Dəhlizinin genişləndirilməsinin maliyyələşdirilməsi şərtləri və "yaşıl gündəlik" çərçivəsində özəl sektora dəstəyin göstərilməsi barədə danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Azərbaycanda və Cənubi Qafqaz regionunda enerji keçidi prosesindəki irəliləyişi necə qiymətləndirirsiniz? Yaxın 3-5 il üçün EBRD ilə əməkdaşlığın hansı istiqamətlərini prioritet hesab edirsiniz?

- Azərbaycan və bütövlükdə region əhəmiyyətli irəliləyişə nail olub. Son illərdə biz enerji keçidi ritorikasının iddialı planlardan konkret addımlara transformasiyasını müşahidə edirik və bu prosesdə mühüm rol oynamağımız qürurvericidir.

Son beş ildə EBRD ölkədə bərpa olunan enerji mənbələri (BOEM) üzrə sənaye obyektlərinin tikintisi ilə bağlı bütün layihələrdə iştirak edən yeganə beynəlxalq maliyyə institutu olub. Bu dövrdə biz 1,2 GVt-dan çox günəş və külək enerjisi layihələrini maliyyələşdirmişik.

Hazırda əsas hədəfmiz enerji keçidi prosesini sadəcə genişləndirmək deyil, həm də enerji sisteminin etibarlılığını, rəqabətqabiliyyətliliyini və əlçatanlığını qoruyub saxlamaqdır. Buna görə də yeni güclərin maliyyələşdirilməsi ilə yanaşı, texniki əməkdaşlıq çərçivəsində Energetika Nazirliyi ilə strateji "yol xəritəsi" üzərində işləyirik. Bu sənəd keçidi istiqamətləndirməyə, emissiyaları azaltmağa və enerji səmərəliliyini artırmağa xidmət edir, enerji şəbəkəsinin gələcəkdə tələb və təklifin balanslaşdırılmasına hazır olmasını təmin edir.

Biz Azərbaycanın 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 % azaldılmasına yönəlmiş aşağı karbonlu strategiyasını fəal şəkildə dəstəkləyir, işimizi "yaşıl inkişaf"ın təmin edilməsi üzrə "Azərbaycan 2030" strategiyası ilə uyğunlaşdırırıq.

- EBRD Azərbaycan və Mərkəzi Asiyada yeni BOEM güclərinin maliyyələşdirilməsini genişləndirməyi planlaşdırırmı? Regional enerji klasterləri və ya transsərhəd "yaşıl dəhliz"lərin yaradılması əməkdaşlığın prioritet istiqaməti kimi nəzərdən keçirilirmi?

- Bəli, Azərbaycan və Mərkəzi Asiyada BOEM-in maliyyələşdirilməsinin genişləndirilməsi EBRD-nin əsas prioritetlərindən biri olaraq qalır. Bütün Mərkəzi Asiya üzrə strategiyamız və istiqamətimiz oxşardır: təmiz enerji istehsalının genişləndirilməsi və "yaşıl keçid", eləcə də şəbəkə bağlantısının gücləndirilməsi və genişləndirilməsinə yönəlmiş siyasi dialoq və investisiyalara dəstək oluruq.

Biz "yaşıl dəhliz"lərin inkişafını diqqətlə izləyir və belə layihələrin strukturlaşdırılmasını və maliyyələşdirilməsini dəstəkləməyə hazırıq. EBRD-nin üstünlüyü bundan ibarətdir ki, biz bütün Mərkəzi Asiya ölkələrində BOEM və enerji infrastrukturunun inkişafını fəal şəkildə dəstəkləyirik. Beləliklə, biz transsərhəd əməkdaşlıq üçün bütün imkanlara malikik: yerli mütəxəssislərimiz vasitəsilə layihələrin hazırlanmasına dəstək göstərir, beynəlxalq tərəfdaşlarla birlikdə özəl kapitalın cəlb edilməsinə kömək edir və regional inteqrasiyanın daha da dərinləşdirilməsinə yönəlmiş dayanıqlı infrastrukturu maliyyələşdiririk.

Qırğızıstan, Qazaxıstan və Özbəkistanla birgə həyata keçirdiyimiz "Kambar-Ata" SES-1 layihəsini buna nümunə göstərmək olar. Avropa İttifaqı və Avropa İnvestisiya Bankı ilə birlikdə və Dünya Bankı ilə sıx koordinasiyada regionun bərpa olunan enerji potensialını ümumilikdə 1,9 GVt artırmaq üçün 1,5 milyard ABŞ dollarına qədər kredit ayırmağa hazırlaşırıq.

Həmçinin "yaşıl dəhliz"lərin praktikada nə demək olduğunu izah etmək lazımdır. Onlar bir aktiv növü ilə məhdudlaşmır - söhbət multimodal nəqliyyat növlərini (dəmir yolu - liman - dəniz - avtomobil yolu) və müxtəlif iştirakçıları birləşdirən daha təmiz və fasiləsiz bağlantıdan, eləcə də bu marşrut boyunca enerji keçidinə yönəlmiş praktiki tədbirlərdən gedir.

Gürcüstan və Azərbaycan dəmir yolları ilə kontreyler daşımaları üzrə apardığımız araşdırma buna yaxşı bir nümunədir. Həyata keçiriləcəyi halda bu layihə Batumi və Bakı arasında yük maşınlarının dəmir yolu platformalarına yönləndirilməsinə imkan verəcək ki, bu da Orta Dəhliz boyunca tıxacları və emissiyaları azaldacaq.

Biz bu prosesləri diqqətlə izləyirik və maraqlı tərəflərin güclü dəstəyi olduğu halda transsərhəd layihələri dəstəkləməyə hazırıq.

- EBRD Cənub Qaz Dəhlizinin genişləndirilməsi və ya Azərbaycanda qaz infrastrukturunun modernləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi imkanını hansı konkret şərtlər daxilində nəzərdən keçirəcək? Bu, yalnız enerji səmərəliliyinin artırılması və emissiyaların azaldılması layihələri ilə məhdudlaşacaq, yoxsa tutumun genişləndirilməsini də əhatə edə bilər?

- EBRD, prinsip etibarilə, Cənub Qaz Dəhlizinin genişləndirilməsinin maliyyələşdirilməsi məsələsini yalnız dəqiq müəyyən olunmuş şərtlərə riayət olunması çərçivəsində nəzərdən keçirə bilər.

Birincisi, genişlənmə Paris Sazişinin prinsiplərinə uyğun olmalıdır - bu, EBRD-nin bütün layihələri üçün məcburi şərtdir.

İkincisi, layihə dekarbonizasiya prosesini sürətləndirməli və karbon asılılığı risklərini minimuma endirməlidir. Bu, həm də infrastrukturun gələcəkdə aşağı karbonlu qazların nəqlinə uyğunlaşdırılması yolu ilə təmin edilməlidir.

Üçüncüsü, layihə EBRD-nin əməliyyatlar həyata keçirdiyi ölkələrə müsbət fayda gətirməlidir ki, bu da praktikada, çox güman ki, Balkan yarımadası ölkələrində əhəmiyyətli həcmdə qaz çıxarılmasını nəzərdə tutacaq.

Və nəhayət, sonuncu, lakin əhəmiyyətinə görə vacib məqam: Aİ və onun üzv dövlətlərinin qətiyyətli dəstəyi həyati əhəmiyyət kəsb edəcək.

- 2024-2025-ci illərdə Azərbaycanda EBRD-nin dəstəyi ilə günəş enerjisi üzrə ilk hərraclar keçirilib. Bank 2026-cı ildə yeni tenderləri dəstəkləməyi planlaşdırırmı? Hansı texnologiyalar - günəş, külək (ofşor daxil olmaqla) və ya kiçik su elektrik stansiyaları - prioritet ola bilər?

- Biz Azərbaycan tarixində ilk dəfə bərpa olunan enerji mənbələri üzrə hərracın keçirilməsinə dəstək verməkdən məmnunluq duyuruq. Bu mühüm mərhələ rəqabətli və şəffaf tender prosesinin ölkədə son dərəcə əlverişli tarifləri təmin edə biləcəyini nümayiş etdirdi. Bu, həmçinin potensial investorlara Azərbaycanın bazar mexanizmləri vasitəsilə təmiz enerjinin miqyasını genişləndirməyə hazır olduğuna dair aydın bir mesajdır.

Gələcəyə nəzər salsaq, Azərbaycan günəş, quru və dəniz küləyi hesabına BOEM güclərini artırmaq potensialına malikdir. Lakin bunu zəruri infrastruktur, o cümlədən elektrik ötürmə şəbəkələri, regional interkonnektor və "yaşıl hidrogen" daxil olmaqla enerji saxlama həlləri ilə paralel inkişaf etdirmək vacibdir.

EBRD olaraq biz "Azərbaycan 2030" strategiyasının həyata keçirilməsinə və 2050-ci ilə qədər emissiyaların 40 % azaldılması məqsədinə nail olunmasına töhfə verərək, gələcəkdə BOEM üzrə tenderlərin keçirilməsində hökuməti dəstəkləməyə hazırıq.

Texnologiyalara gəlincə, düzgün kombinasiya sistemin ehtiyaclarından və sənaye miqyasında hansı tədbirlərin görülə biləcəyindən asılı olacaq. Günəş və külək enerjisi (ofşor daxil olmaqla) əsas istiqamətlərdir. Bu istiqamətlər saxlama və ötürmə infrastrukturu ilə birlikdə nəzərdən keçirildikdə daha da səmərəli olacaq. Hidroenergetika da iqtisadi cəhətdən əsaslandırıldıqda və ekoloji cəhətdən dayanıqlı olduqda rol oynaya bilər.

Əsas vəzifə özəl kapital cəlb etməyə və enerji sisteminin etibarlılığını təmin etməyə qadir olan dayanıqlı və investisiya baxımından cəlbedici layihə portfelinin formalaşdırılmasıdır. EBRD optimal enerji balansının formalaşdırılmasında və maliyyə vəsaitinin cəlb edilməsində Azərbaycanı bundan sonra da dəstəkləməyə hazırdır.

- Külək və günəş enerjisi istehsalının payının artması ilə enerji sisteminin balanslaşdırılması məsələsi getdikcə daha kritik olur. Bank Azərbaycanda batareya enerji saxlanc sistemlərinin (BESS) maliyyələşdirilməsini planlaşdırırmı? "BOEM + saxlama" hibrid modelləri prioritet istiqamət kimi nəzərdən keçirilirmi?

- Bəli, EBRD müxtəlif bazarlarda həm ayrıca BESS layihələri, həm də BOEM obyektləri ilə inteqrasiya olunmuş həllər formatında enerji saxlanc sistemlərinin maliyyələşdirilməsində böyük təcrübəyə malikdir.

Külək və günəş enerjisi istehsalının payı artdıqca enerji saxlanc sistemləri istehsalda fasilələrin aradan qaldırılması və enerji sisteminin balanslaşdırılmasının təmin edilməsi üçün təbii alətə çevrilir. Bu baxımdan biz Azərbaycanda bu cür layihələrin maliyyələşdirilməsi imkanlarını araşdırmaqda maraqlıyıq.

- Azərbaycan "yaşıl enerji" ixracı konsepsiyasını fəal şəkildə irəli aparır və "yaşıl hidrogen" istehsalının perspektivlərini öyrənir. Bank elektrolizerlərin quraşdırılması və hidrogen infrastrukturunun inkişafı üzrə pilot layihələri maliyyələşdirməyə hazırdırmı, yoxsa hazırkı mərhələdə əsasən BOEM istehsalı və şəbəkə inteqrasiyasına diqqət yetirir?

- Azərbaycanın "yaşıl hidrogen" və təmiz enerji ixracına yönəlməsi vaxtında atılan addımdır. Biz artıq bir müddətdir ki, qeyd olunan istiqamətdə hazırlıq işlərini dəstəkləyirik. Xüsusilə biz hökumət orqanları ilə COP29-da təqdim edilmiş Hidrogen üzrə Milli Strateji Baxış sənədi üzərində işləmişik. Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə hazırda onun həyata keçirilməsinə dəstək yollarını araşdırırıq.

Lakin cari mərhələdə investisiya strategiyamızın əsas prioriteti "yaşıl hidrogen" istehsalının perspektivliyinin təmin edilməsində əhəmiyyət kəsb edən fundamental amillərdir. Bura enerji sisteminin gücləndirilməsi və genişləndirilməsi ilə yanaşı, bərpa olunan enerji mənbələrindən enerji istehsalının həcminin artırılması daxildir.

Bununla belə, EBRD Misir və Özbəkistanda uğurlu nümunələr daxil olmaqla, digər ölkələrdə "yaşıl hidrogen" üzrə pilot layihələrin dəstəklənməsində təcrübəyə malikdir. Biz yaxın gələcəkdə Azərbaycanda da oxşar imkanları nəzərdən keçirməyə hazırıq.

- 2025-ci ilin sonunda EBRD Azərbaycanda "Green Economy Financing Facility" (GEFF) proqramının həyata keçirilməsinə 100 milyon ABŞ dolları ayırıb. Bu vəsaitlər kiçik və orta müəssisələrin "yaşıl" təchizat zəncirinin bir hissəsi olmasına necə kömək edəcək?

- GEFF proqramı seçilmiş tərəfdaş maliyyə institutları vasitəsilə həyata keçirilən beşillik təşəbbüsdür. Onlar özəl borcalanlara enerji səmərəliliyi, BOEM, resurslara qənaət, dövri iqtisadiyyat və iqlim dəyişikliyinə davamlılıq sahəsində investisiyalar üçün kreditlər təqdim edəcəklər.

Kiçik və orta müəssisələr üçün bu, modernləşdirmə işlərinin aparılması məqsədilə yerli banklar vasitəsilə maliyyələşdirməyə çıxış deməkdir. Məsələn, avadanlıqların yenilənməsi və səmərəliliyin artırılması onların bərpa olunan enerji sektorunda təchizat zəncirinin tamhüquqlu iştirakçılarına çevrilməsinə kömək edəcək.

Chosen
2
far.az

1Sources