EN

Qlobal böhranlar fonunda yüksələn güc: Bakı faktoru

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

“Qlobal sistem silkələnir və bu silkələnmə təsadüfi deyil. Körfəz regionunda artan gərginlik, enerji marşrutları uğrunda rəqabət və böyük güclər arasında dərinləşən qarşıdurma yeni geosiyasi reallıqları formalaşdırır. Bu reallıqlarda isə bəzi ölkələr sadəcə müşahidəçi deyil, oyunu quran aktora çevrilir. Azərbaycan məhz belə aktorlardan biridir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Körfəzdən başlayan dalğa: yeni qlobal risklər

Komitə sədri deyib ki, Körfəzdə baş verənlər artıq regional çərçivəni çoxdan aşıb: “Enerji təchizat zəncirlərinin qırılması ehtimalı, nəqliyyat-logistika xətlərinə təhdidlər və siyasi qeyri-müəyyənlik dünya ölkələrini alternativ strategiyalar axtarmağa məcbur edir.

Bu şəraitdə dövlətlər üçün üç əsas prioritet ön plana çıxır. Biirncisi, enerji təhlükəsizliyi, ikincisi, təchizat marşrutlarının şaxələndirilməsi, üçüncüsü, geosiyasi risklərin balanslaşdırılmasıdır. Məhz bu üç istiqamətdə Azərbaycan yeni dövrün “kəsişmə nöqtəsi” kimi önə çıxır.

Bakı: regional paytaxtdan qlobal mərkəzə

Deputat əlavə edib ki, son  həftələrdə  müşahidə olunan intensiv diplomatik trafik təsadüfi deyil: “Prezident İlham Əliyevin Latviya, Litva, Ukrayna və Çexiya liderləri ilə görüşləri Bakının artıq regional deyil, daha geniş coğrafiyada qərarların müzakirə olunduğu platformaya çevrildiyini göstərir. Bu görüşlərin ortaq mesajı aydındır.

Bakı artıq geosiyasi dialoqun yeni ünvanıdır.

Enerji təhlükəsizliyində Azərbaycan faktoru

Avropa üçün əsas çağırışlardan biri enerji asılılığını azaltmaqdır. Bu kontekstdə Azərbaycan etibarlı təchizatçı imicini qoruyur, uzunmüddətli müqavilələrə sadiqliyini nümayiş etdirir, marşrut təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan qazı artıq onlarla Avropa ölkəsinin enerji balansında mühüm yer tutur. Xüsusilə Mərkəzi və Şərqi Avropa üçün bu, sadəcə iqtisadi deyil, həm də siyasi təhlükəsizlik məsələsidir.

Çexiyanın Azərbaycan neftinin böyük hissəsini idxal etməsi və indi qaz əməkdaşlığına maraq göstərməsi bunun bariz nümunəsidir.

Logistika düyünü: Şərq–Qərb, Şimal–Cənub kəsişməsi

Azərbaycanın üstünlüyü yalnız enerji ilə məhdudlaşmır. Azərbaycan eyni zamanda Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin əsas halqasıdır, Şimal–Cənub nəqliyyat xəttində kritik mövqedədir, Mərkəzi Asiyaya açılan qapı rolunu oynayır. Bu isə o deməkdir ki, Bakı təkcə enerji deyil, qlobal ticarət axınlarının təhlükəsizliyində də açar rol oynayır.

Siyasi balans və çoxvektorlu strategiya

Azərbaycanın uğurunun əsas səbəbi coğrafiya deyil – strategiyadır. Rəsmi Bakı Qərblə əməkdaşlıq edir, Şərqlə iqtisadi əlaqələri genişləndirir, regionda təhlükəsizlik təşəbbüslərinin mərkəzində dayanır. Bu balanslı siyasət ölkəni qarşıdurmaların tərəfi yox, dialoq platforması halına gətirir.

Müdafiə və sənaye əməkdaşlığı: yeni mərhələ

Çexiya ilə müdafiə sənayesi sahəsində əməkdaşlığın genişlənməsi göstərir ki,münasibətlər yalnız enerji ilə məhdudlaşmır, sənaye və texnologiya transferi prioritetə çevrilir. birgə istehsal perspektivləri formalaşır. Bu isə Azərbaycanın regional gücdən sənaye tərəfdaşına transformasiyasını sürətləndirir.

 Yeni dünyanın mərkəzlərindən biri

Bugünkü reallıq sadədir. Dünya yeni mərkəzləri axtarışındadır Bakı artıq həmin mərkəzlərdən biridir.

Azərbaycan qlobal enerji təhlükəsizliyinə töhfə verir, beynəlxalq ticarətin dayanıqlığını gücləndirir, siyasi dialoq üçün etibarlı platforma təqdim edir. 

Körfəzdə başlayan böhran dünyanı qeyri-müəyyənliyə sürükləsə də, bu qeyri-müəyyənlik fonunda bəzi ölkələr daha da önə çıxır. Azərbaycan isə bu yeni geosiyasi şahmat taxtasında fiqur deyil, oyunu quran tərəflərdən birinə çevrilir”.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
42
3
olke.az

4Sources