EN

“Nazir olanda ondan soruşdum ki...”: İranın Azərbaycana qarşı təxribatına Tofiq Zülfüqarovdan CAVAB

İran rejimindən Azərbaycanın ünvanına növbəti avantürist və böhtan xarakterli ittihamlar səslənib. 

Belə ki, İranın sabiq xarici işlər naziri Mənuçöhr Möttəki Azərbaycanın guya müharibədə İsrailə hərbi dəstək verdiyinə dair iddia ilə çıxış edib. Hazırda İran parlamentinin deputatı olan Mənuçöhr Möttəki Azərbaycana qarşı qarşı qarayaxma apararaq deyib: 

“Ekspertlərin fikrincə, İsrailin İranın şimalına hücumları zamanı Azərbaycan hava məkanından istifadə edilib. İsrail təyyarələrinin bu ölkənin hava limanlarından istifadə etdiyinə və yanacaq doldurulduğu barədə də məlumatlar var”. 

Halbuki, istər 2025-ci ilin iyun ayında baş verən 12 günlük müharibə zamanı, istərsə də bu il fevralın 28-dən başlayaraq davam edən 38 günlük hərbi əməliyyatlarda Azərbaycan özünün neytral mövqe tutduğunu, üçüncü dövlətin öz ərazisindən İrana qarşı hücum üçün istifadəyə icazə vermədiyini sübut etdi. 

Hətta martın 5-də İran rejimi Naxçıvan Muxtar Respublikasının ərazisini dronlarla atəşə tutanda belə, Azərbaycan dövləti hadisələrə təmkinlə yanaşaraq, hərbi qarşıdurmadan yayındı. İsraillə Azərbaycan strateji cəhətdən tərəfdaş ölkələr olsalar da rəsmi Bakı neytrallığını axıra qədər qoruyub saxlayacağına dair İrana verdiyi vədlərə bu gün də əməl edir. 

Lakin Möttəki kimi təxribatçılar Azərbaycanın İsrailə hərbi dəstək verdiyinə dair nağıllar uydurmaqla münasibətləri yenidən gərginləşdirməyə çalışır. Bu da onların Azərbaycana qarşı düşmən xisləti ilə izah oluna bilər. 

Mənuçöhr Möttəkinin anti-Azərbaycan fəaliyyəti birinci dəfə deyil. O, 2006-2010-cu illərdə İranın xarici işlər naziri olduğu dövrdə Azərbaycan əraziləri işğal altında idi. Ermənistanda Röbert Köçəryan və Serj Sarkisyanın prezidentliyi dönəmlərinə təsadüf etdiyi dörd ildə Möttəki dörd dəfə İrəvana səfər etdiyini demişdi. 

Həm Köçəryanla, həm də Sarkisyanla keçirdiyi görüşlərdə Möttəki öz ölkəsi adından İranın qardaş Ermənistanla ortaq dəyərləri bölüşdüklərini bəyan edib. Möttəki Azərbaycana qarşı böhtan və şər atmaqdan öncə öz keçmişinə nəzər salsa daha yaxşı olar. 

1985-ci ildə İran İslam Respublikasının Türkiyədəki səfiri vəzifəsinə təyin edilən Mənuçöhr Möttəkinin adı ağır cinayətlərdə hallanır. Belə ki, Mottaki Ankarada fəaliyyəti dövründə Türkiyəyə mühacirət etmiş iranlı müxaliflərin oğurlanması və qətllərinin hazırlanmasında iştirak edib. 

Müxalifət iddia edir ki, İran səfirliyi bu cür əməliyyatlar həyata keçirən gizli agentlər üçün sığınacaq yeri olub. Bu cinayətlərin aşkara çıxdığını görən İran rejimi Möttəkini aradan çıxartmaq üçün 1989-cu ildə səfir postundan geri çağırıb. 

2006-cı ildə Mahmud Əhmədinejad prezident seçildikdən sonra Möttəkini xarici işlər naziri təyin edib. İndi bu qatil və cinayətkar Azərabaycanın İsrailə yardım etdiyinə dair əsassız iddialar irəli sürür. 

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Cebheinfo.az”-a açıqlamasında qeyd edib ki, İranın hazırda üzləşdiyi ağır vəziyyət məhz Möttəki kimi nazirlərin “fəaliyyət”inin nəticəsidir:

“İsrail və ya ABŞ qırıcıları İranın səmasında istənilən yerə sərbəst uça bilirlər. 

İndiyə qədər İran bunun qarşısını ala bilməyib. Cəmi bir dənə “F-15E” qırıcısı vurulub ki, onun da pilotunu gəlib gözlərinin qabağında xilas edib aparıblar. Belə olan halda Azərbaycanın hava məkanı İsrailin nəyinə lazımdır?

Özlərini İran səmasında onsuz da sərbəst aparırılar . Hesab edirəm ki, bu cür səviyyəsiz, əsassız bəyanatlara cavab verməyə də dəyməz. İran vətəndaşları savadlı, bilikli insanlardır. Ona görə də bu adamlar həqiqətdən, təhlil qabiliyyətindən uzaq nə danışdıqlarının məsuliyyətlərini dərk edirlərmi? İsrail təyyarələri İran səmasında aşağı hündürlükdən istədikləri kimi uçur. 

Müharibəni uduzublar, indi də başlayıblar günahı başqasının üzərinə yıxmağa. Müharibə başa çatmamış özlərinə təzə düşmən axtarırlar. Yazıq İran xalqının halına ki, onu bu cür insanlar bədbəxt ediblər. Onlar düzələn deyillər və öz dediklərindən dönmürlər. 

Möttəkidən əvvəl İranın bir xarici işlər naziri var idi, Kamal Xərrazi. Bu yaxınlarda Xərrazini də hava zərbələri nəticəsində öldürdülər. Nazir olanda mən Kamal Xərrazidən soruşdum ki, Rusiya İrəvanda 20-ə yaxın qırıcı yerləşdirib, bu, sizi narahat etmir? Dedi yox, bu, bizə qarşı yönəlməyib. Bu da onun cavabı. Sanki bunları fabrik buraxır”. 

Sabiq nazir bildirib ki, belə insanlar Azərbaycanı güclü dövlət kimi görmək istəmirlər: 

“İndi gücləri də qalmayıb, amma köhnə siyasətlərindən əl çəkmək istəmirlər. İran neft hasilatından gündə 400-500 milyon dollar itirir. Bundan danışmaq əvəzinə, Azərbaycana böhtan atırlar. Belə avantürist insanlar sanki İranın maraqlarına zidd olan addımlar atırlar. 

Dronları bizim ərazimizə kim göndərib? Sonra da anladılar ki, Azərbaycandan başqa onların təhlükəsizliyini təmin edən kommunikasiya qalmayıb. Bu dronları Azərbaycana göndərən düşmən heç olmasa, İranın maraqlarını da nəzərə almırlar. 

Onlar “Amerikaya ölüm!”, “İsrailə ölüm” desələr də, mütəmadi olaraq, onların maraqlarına uyğun addımlar atırlar”. 

Chosen
34
50
cebheinfo.az

10Sources