Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85 milyon 869 min 260 manat, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876 min 210 manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon 437 min 315 manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443 min 875 manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 min 600 manat və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 15 milyon 8 min 260 manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.