EN

Cənubi Koreya hərbi müşahidə peyklərinin istismarına başlayır

ain.az, Azertag portalına istinadən məlumat verir.

Pekin, 28 aprel, AZƏRTAC

Cənubi Koreyanın Müdafiə Nazirliyi hərbi kəşfiyyat peyklərinin istismarına planlaşdırıldığından 2 ay əvvəl başlayacaq.

AZƏRTAC Koreya mediasına istinadla xəbər verir ki, Müdafiə Nazirliyi 5-ci peykin də sınaqlarının başa çatdığını və peyklərin hamısının qarşıdakı günlərdə istifadəyə verilməsinin planlaşdırıldğını açıqlayıb.

Cənubi Koreya 2023-2025-ci illər arasında orbitə 5 müşahidə peyki çıxarıb. Məqsəd Şimali Koreyadakı raket buraxılışı da daxil olmaqla hərbi fəaliyyətləri müstəqil izləməkdir. Peyklərin yerdəki nəqliyyat vasitələrinin növünü təyin edə biləcəyi bildirilir. Beş peyk şəbəkəsi Cənubi Koreyaya hava şəraitindən asılı olmayaraq şimaldakı hadisələri təxminən 2 saat aralıqlarla izləməyə imkan verəcək.

Cənubi Koreya mediası bildirir ki, öz peyklərinin tam istismara verilməsi Seulu ABŞ kəşfiyyatından asılılığı azaldacaq.

Müdafiə Nazirliyi ölkənin müşahidə imkanlarını yaxşılaşdırmağa davam edəcəyini bildirib. Bu istiqamətdə 2030-cu ilədək 20 kiçik və 40 mikropeyk buraxılması hədəflənib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
2
azertag.az

3Sources