EN

Əfqanıstan minlərlə müəllimə və tibb işçisini itirə bilər

UNICEF xəbərdarlıq edir ki, qızların təhsili və qadınların əmək fəaliyyəti ilə bağlı qadağalar ölkədə ciddi kadr böhranı yarada bilər...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi UNICEF-in yeni hesabatına istinadən məlumat yayıb. Hesabata əsasən, “Taliban” qızların təhsilinə və qadınların işləməsinə qoyulan məhdudiyyətləri aradan qaldırmasa, 2030-cu ilə qədər Əfqanıstan 20 minə qədər qadın müəllimi və 5 400 tibb işçisini itirə bilər.

“Taliban”ın 2021-ci ildə hakimiyyətə qayıtmasından sonra qadınların dövlət sektorunda əksər vəzifələrdə çalışmasına məhdudiyyətlər qoyulub. Eyni zamanda, qızların 12 yaşdan sonra təhsil almasına faktiki olaraq icazə verilmir.

UNICEF-in məlumatına görə, bu qadağalar artıq ən azı 1 milyon qıza təsir edib. Mövcud vəziyyət dəyişməzsə, 2030-cu ilə qədər bu göstəricinin iki dəfə artacağı gözlənilir.

Təşkilat bildirib ki, qızların təhsildən kənarda qalması yalnız fərdi hüquqların pozulması deyil, həm də ölkənin gələcək sosial və iqtisadi inkişafı üçün ciddi təhlükədir. Qadın müəllimlərin və tibb işçilərinin azalması xüsusilə səhiyyə və təhsil sahələrində xidmətlərin əlçatanlığını daha da çətinləşdirə bilər.

UNICEF “Taliban”ı qızların təhsilinə və qadınların əmək fəaliyyətinə qoyulan qadağaları ləğv etməyə çağırıb. Təşkilatın fikrincə, bu addım Əfqanıstanda humanitar böhranın daha da dərinləşməsinin qarşısını almaq üçün vacibdir.

Poliqon.info

Chosen
39
1
poliqon.info

2Sources