EN

Azərbaycan-Çexiya biznes-forumu ölkəmizin beynəlxalq siyasətinin uğurlu nəticələrinin bariz nümunəsidir ŞƏRH

Bakı, 28 aprel, AZƏRTAC

Aprelin 27-də Qəbələ şəhərində keçirilən Azərbaycan-Çexiya biznes-forumu iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi-iqtisadi hadisə kimi yadda qaldı. Tədbirdə Prezident İlham Əliyev və Andrey Babişin iştirakı və çıxışları forumun strateji əhəmiyyətini daha da artırdı. Bu forum, ilk növbədə, Azərbaycan ilə Çexiya arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişlənməsi istiqamətində mühüm platforma rolunu oynadı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Nicat İsmayılov deyib.

O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışında ölkəmizin son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətləri, həyata keçirilən genişmiqyaslı islahatları və yaradılmış əlverişli biznes mühitini diqqətə çatdırdı. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanın siyasi sabitliyi və iqtisadi dayanıqlığı xarici investorlar üçün etibarlı zəmin yaradır.

Siyasi şərhçinin sözlərinə görə, dövlətimizin başçısının vurğuladığı siyasi sabitlik və iqtisadi dayanıqlıq mesajı birbaşa xarici investorların cəlb olunmasına hesablanıb. Eyni zamanda, enerji, nəqliyyat və qeyri-neft sektorlarında həyata keçirilən layihələrin qeyd olunması Azərbaycanın artıq regionda mühüm iqtisadi mərkəzə çevrildiyini göstərmək məqsədi daşıyır. Digər tərəfdən, Çexiyanın Baş naziri Andrey Babiş çıxışında Azərbaycanla əməkdaşlığa yüksək qiymət verərək bu münasibətlərin qarşılıqlı fayda prinsiplərinə əsaslandığını vurğulayır. Onun sənaye, texnologiya, energetika və kənd təsərrüfatı sahələrinə xüsusi diqqət çəkməsi, əməkdaşlığın yalnız enerji ilə məhdudlaşmadığını, daha geniş iqtisadi sahələri əhatə etdiyini göstərir. Ümumilikdə bu çıxışlar onu deməyə əsas verir ki, Azərbaycan ilə Çexiya arasında iqtisadi tərəfdaşlıq yeni mərhələyə qədəm qoyur və hər iki tərəf bu əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

“Azərbaycan-Çexiya biznes-forumu, eyni zamanda, Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıq siyasətinin uğurlu nəticələrinin bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən açıq iqtisadi siyasət ölkəyə xarici investisiyaların cəlb olunmasını sürətləndirib və Azərbaycanı etibarlı tərəfdaş kimi mövqeləndirib. Qəbələdə keçirilən bu biznes-forum Azərbaycan ilə Çexiya arasında münasibətlərin yeni inkişaf mərhələsinə keçdiyini təsdiqləyir. Qarşılıqlı etimad, siyasi dialoq və iqtisadi maraqların uzlaşması fonunda bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyi və hər iki ölkənin rifahına töhfə verəcəyi şübhə doğurmur”, - deyə Nicat İsmayılov əlavə edib.

Chosen
4
1
azertag.az

2Sources