EN

"Mamdani hələ də erməni lobbisinin təsiri altındadır" - Deputat

"Dünya səviyyəli sülh mükafatları sırasında nüfuzlu hesab edilən “Sülh və Barışıq üçün Cenika” mükafatına Azərbaycan Respublikasının Prezidentinin layiq görülməsi, ölkə rəhbərinin, ümumilikdə isə Azərbaycanın sülh gündəminin formalaşdırılması istiqamətində atdığı addımları və göstərdiyi səyləri bir daha sübut edir. Bu mükafatın əldə olunması və Azərbaycanın sülh təşəbbüsləri kontekstində Nyu-Yorkun yeni seçilmiş meri Zohran Mamdaninin son çıxışı və sosial şəbəkə paylaşımı çox təəccüblə qarşılandı".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi.

Onun sözlərin görə, Mamdaninin artıq tarixin arxivinə göndərilmiş “Dağlıq Qarabağ” ifadəsindən istifadə etməsi, qondarma erməni soyqırımı ilə bağlı qərəzli yanaşma sərgiləməsi, eləcə də guya ermənilərin Qarabağdan qovulması kimi iddiaları yenidən gündəmə gətirməsi göstərir ki, o, hələ də erməni lobbisinin təsiri altındadır:

"Bu isə onun mer seçilməsinə baxmayaraq, Nyu-Yorkda həlledici mövqedə olmayan dairələrin təsiri ilə hərəkət etdiyini açıq şəkildə nümayiş etdirir. Aprel ayında qondarma “erməni soyqırımı günü” mövzusundan istifadə edərək Ermənistan-Azərbaycan keçmiş münaqişəsinə dair əsassız mövqe bildirməsi, “Dağlıq Qarabağ” terminindən istifadəsi və qərəzli yanaşması onun regionda baş verən proseslər barədə yetərli anlayışa malik olmadığını göstərir. Bu mövqe həm Azərbaycanın sülh gündəmi ilə ziddiyyət təşkil edir, həm də onun məsələyə qeyri-obyektiv yanaşmasının göstəricisidir.

Əgər bu gün Ermənistan özü belə bu mövzuları gündəmə gətirmir, “Dağlıq Qarabağ” terminindən istifadə etmir, hətta Türkiyə ilə münasibətlərdə gərginlik yaratmamaq üçün qondarma soyqırımı məsələsindən uzaq durmağa çalışırsa, Mamdaninin bu məsələləri yenidən qabartması, tarixi və siyasi prosesləri bir-birinə qarışdırması yalnız müəyyən məqsədlərə xidmət etdiyini göstərir".

Millət vəkili əlavə etdi kl, Mamdaninin ya erməni lobbisinin təsiri altında olduğu, ya da Türkiyə və Azərbaycana qarşı mənfi mövqedə çıxış etdiyi qənaəti yaranır:

"Hətta demək olar ki, hər iki amil burada özünü göstərir. Onun bu yanaşması indiyə qədər gizli qalan türkofob və Azərbaycanofob meyillərin açıq ifadəsi kimi qiymətləndirilə bilər. Mamdani özünü etnik müsəlman kimi təqdim etsə də, bu obrazın səmimiliyi də sual altına düşür. Mer seçilməzdən əvvəl müsəlman icmasının dəstəyini qazanmaq məqsədilə bu identikliyi ön plana çıxarması daha çox siyasi taktika kimi qiymətləndirilə bilər. Lakin hazırkı davranışları onun müəyyən qrupların maraqlarına xidmət etdiyini göstərir. Bu qruplar arasında erməni diasporunun da yer aldığı açıq şəkildə hiss olunur. Bu səbəbdən, Mamdaninin səsləndirdiyi fikirlər qəti şəkildə pislənilir və rədd edilir. O, Azərbaycanın sülh siyasətinə zidd mövqe sərgiləmək əvəzinə, regionda baş verən real prosesləri düzgün anlamağa və qərəzli yanaşmadan çəkinməyə çağırılır".

Müsahibimizin fikrincə, bu cür qərəzli mövqedə olan şəxsin öz yanaşmasını dəyişməsi çətin görünür.

"Lakin aydındır ki, artıq tarixin arxivinə göndərilmiş mövzular üzərindən manipulyasiya etməyə çalışmaq heç bir nəticə verməyəcək. Əksinə, bu cür yanaşma onun öz imicinə daha çox zərər vurur. Görünən odur ki, Mamdani onu dəstəkləyən qrupların qarşısında öhdəliklərini yerinə yetirməyə çalışır və bu çərçivədə hərəkət edir. Lakin bu mövqe nə regional reallıqlara uyğundur, nə də uzunmüddətli perspektivdə ona hər hansı fayda vəd edir", - deyə Tural Gəncəliyev vurğuladı.

Xədicə BAXIŞLI

Chosen
65
2
redaktor.az

3Sources