EN

Şamil Ayrım: Əsas məsələ bölgədə davamlı sülh istiqamətində səmimi səyləri davam etdirməkdir

Ankara, 28 aprel, AZƏRTAC

Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda təxribatlar və maneələr yolverilməzdir. Bu, həm erməni diasporunun və Ermənistanın özündəki radikal qüvvələrin cəhdlərinə, həm də ayrı-ayrı ölkələrdəki destruktiv qüvvələrə aiddir. Bu hal Belçika və Niderland parlamentlərində qəbul edilmiş qərəzli sənədlərdə də özünü göstərib.

Bu barədə AZƏRTAC-a Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib. O, İrəvanda Türkiyə bayrağının yandırılması ilə nəticələnən təxribatı təşkil edən erməni radikallarının hərəkətlərini qətiyyətlə pisləyib. “Ankara və Bakının baş verən hadisəyə reaksiyası hamıya məlumdur. Bölgədə dialoq fonunda belə təxribatlara hazır olmalıyıq. Hazırkı mərhələdə əsas məsələ davamlı sülh istiqamətində səmimi səyləri davam etdirməkdir”, – deyə türkiyəli deputat vurğulayıb.

Ş.Ayrım Azərbaycan Prezidenti İlham Əliyevin bölgədə uzunmüddətli sülh və sabitliyin yaxınlaşdırılmasına yönəlmiş siyasətini yüksək qiymətləndirib, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünün nəticələrini xatırladıb.

Parlamentlərarası dostluq qrupunun rəhbəri Azərbaycanın Ermənistanla dialoqda irəli sürdüyü tələblərin əsaslı olduğunu da vurğulayıb. “Bu tələblərdən biri ATƏT-in Minsk qrupunun ləğvi idi ki, bu da artıq yerinə yetirilib. Növbəti məsələ Ermənistan Konstitusiyasının preambulasından qonşu dövlətlərə qarşı ərazi iddialarını əks etdirən sənədlərə istinadların çıxarılmasıdır. Destruktiv hücumlardan imtina edilmədən davamlı sülh mümkün deyil”, – deyə o bildirib.

Türkiyəli deputat bölgədə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə nikbin yanaşdığını bildirib, Zəngəzur dəhlizinin tezliklə açılmasının əhəmiyyətini vurğulayıb.

O, həmçinin Ermənistanda seçkilərdən sonra bölgədə dialoqun sürətlənəcəyinə ümid etdiyini ifadə edib.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Chosen
39
1
azertag.az

2Sources