Bakı, 28 aprel, AZƏRTAC
Canlandırdığım Prometey obrazı bütöv bəşəriyyəti, insanın bütün duyğularını, əməllərini və hətta etdiyi səhvləri özündə cəmləşdirir. Rola hazırlaşarkən əsas çətinlik fiziki idi. Tamaşa zamanı mən təxminən bir saat on dəqiqə tam hərəkətsiz vəziyyətdə dayanmalıyam ki, Prometeyin zəncirlənmiş halını hiss etdirə bilim.
Bunu AZƏRTAC-a açıqlamasında Şota Rustaveli adına Gürcüstan Milli Teatrının aktyoru Levan Xurtsia deyib.
O diqqətə çatdırıb ki, quruluşçu rejissor Robert Sturua ilə təxminən bir ay yarım–iki ay ərzində ciddi şəkildə məşq ediblər.
“Uzun müddət hərəkətsiz qalmaq asan deyil: qollar yuxarı vəziyyətdə, ayaqlar hərəkətsiz və hətta başın belə tərpənməməsi — bu, rejissorun əsas tapşırıqlarından biri idi. Əlbəttə, fiziki çətinliklərlə yanaşı, obrazın daxili vəziyyətini çatdırmaq da ayrıca bir sınaq idi. Amma düşünürəm ki, biz bu vəzifələrin öhdəsindən gələ bildik”, — deyə Levan Xurtsia əlavə edib.
Azərbaycan səhnəsində çıxış etməyin böyük məsuliyyət olduğunu vurğulayan aktyor bildirib: “Biz burada böyük bir mifə əsaslanan əsəri təqdim edirik və ilk baxışda bu, bəlkə də nağıl və ya uydurma kimi görünə bilər. Lakin onun mahiyyətində çox dərin, həyatdan doğan hisslər və mövzular dayanır”.
Müxbir - Fidan Əlizadə