EN

Qara neft Əfqanıstanı "ağ günə" çıxaracaqmı - 1 trilyon dollarlıq ehtiyatı var

Əfqanıstanda hakimiyyətdə olan Taliban ölkənin şimalında, Türkmənistanla sərhədə yaxın yerləşən Amudərya hövzəsi ərazisində yeni neft quyularını istismara verib.

Musavat.com xəbər verir ki, məlumatlara görə, ilkin mərhələdə 5 yeni quyudan gündəlik təxminən 500 kubmetr neft hasilatı planlaşdırılır. Layihənin mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur. Taliban hakimiyyəti hələ 2023-cü ildə Çin şirkəti ilə Amudərya hövzəsində neft hasilatı üzrə böyük müqavilə imzalayıb. Bu saziş ölkədə 2021-ci ildən sonra bağlanan ilk iri xarici investisiya layihəsi hesab olunur .

Müqaviləyə əsasən, Çin tərəfinin illik yüz milyonlarla dollar sərmayə yatırması planlaşdırılmışdı.
Ekspertlər qeyd edir ki, Əfqanıstanın şimalında yerləşən bu hövzə hələ sovet dövründə aparılan geoloji kəşfiyyat işləri zamanı perspektivli enerji regionu kimi qiymətləndirilib. Uzun illər davam edən müharibələr səbəbindən həmin yataqların istismarı mümkün olmayıb.

Bəzi qiymətləndirmələrə görə, Amudərya və Əfqan-Tacik hövzələrində ümumilikdə milyardlarla barel həcmində neft ehtiyatı mövcuddur. Ümumilikdə isə Əfqanıstanın istifadə olunmamış təbii sərvətlərinin dəyərinin 1 trilyon dollardan çox olduğu bildirilir.

Hazırda layihələrin reallaşdırılmasında Çin şirkətlərinin texniki dəstəyi və investisiyası əsas rol oynayır. Bununla belə, bəzi analitiklər əvvəlki müqavilələrin qısa müddətdə dayandırıldığını və investorlar üçün risklərin hələ də yüksək olduğunu vurğulayır. Əgər hasilat plan üzrə davam edərsə, Əfqanıstan yaxın illərdə yanacaq idxal edən ölkədən ixrac edən ölkəyə çevrilə bilər. Bunun regionda enerji balansına və Mərkəzi Asiya bazarına təsiri istisna edilmir.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
48
musavat.com

1Sources