Qazaxıstan hökuməti 2024-cü ildə referendumdan sonra bu barədə son qərar verib; Milli Məclisdə təmsil olunan partiyanın sədri də ölkəmizdə ümumxalq səsverməsinin vacibliyini vurğulayır - reaksiyalar
Azərbaycanın energetika nazirinin bir müddət əvvəl ölkəmizin nüvə enerjisindən istifadə üçün AES tikintisi niyyətində olduğunu açıqlamasından sonra bu mövzuda müzakirələr davam edir. “Yeni Müsavat” qeyd edir ki, 80-ci illərdə SSRİ Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda da AES-in tikilməsi qərara alınıb. Həmin dövrdə stansiyanın Nəvahi yaxınlığında yeri də seçilibmiş. Layihəsi işlənib, reaktor blokun özülü də qoyulubmuş. Ancaq 1986-cı ildə Çernobılda baş verən qəzadan sonra stansiyanın tikintisi dayandırılıb.
Əsas müzakirələr AES-i hansı ölkənin inşa edəcəyi, nə qədər təhlükəsiz olması ətrafında gedir. Yerli ekspertlərin fikrincə, nüvə energetikası yüksək riskli sahə olsa da, alternativ enerji mənbələri ilə müqayisədə həddindən artıq sərfəlidir. Çünki nüvə enerjisində kapital tam olaraq qayıdır, üstəlik istismar müddəti də uzundur.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev bu mövzuda partiyanın mətbuat xidmətinin sualını cavablandırıb. Q.Həsənquliyev deyib ki, bu barədə qərar geniş müzakirələrdən sonra ümumxalq səsverməsi ilə qəbul olunmalıdır: “Əvvəllər bunun tərəfdarı olsam da, indi elmin və texnologiyanın inkişafı ilə təhlükəsiz, bərpaolunan enerji qaynaqları yaratmaq imkanlarımız var. Bu istiqamətdə ciddi işlər görülür. Ona görə qərar qəbul etməzdən öncə hər birimiz ciddi düşünməli, xalqın fikrini öyrənməliyik. Külək və günəş enerjisindən istifadə etməklə böyük bərpaolunan enerji ehtiyatı yarada bilərik. Biz hazırda xaricə enerji satırıq. Atom enerjisi çox ucuz başa gəlir və xarici ölkələr tərəfindən şirnikləndirici biznes layihələri təklif oluna bilər. Çernobıl faciəsindən sonra Almaniya bütün nüvə reaktorlarının dayandırılması barədə qərar qəbul etdi. Allah uzaq etsin, bizim ərazimiz kiçik olduğundan, bir qəza baş versə, Azərbaycanda həyat olmayacaq”. Qazaxıstanda 2024-cü ildə atom elektrik stansiyalarının tikilməsi barədə qərar verilmədiyi üçün referendum keçirilib. Səsvermədə iştirak edənlər dövlətin bu qərarına etiraz etməyiblər. Bundan sonra “Rosatom” şirkəti Qazaxıstanda ilk AES tikintisi layihəsi üzrə beynəlxalq konsorsiumun qalibi seçilib.
Bəs AES tikintisi üçün referendum keçirilməsi təklifinə digər siyasilər nə deyir?

Asim Mollazadə
Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, AES tikintisi üçün referendum tələbi yoxdur. Onun sözlərinə görə, sadəcə, bu layihənin reallaşmasından əvvəl məsələ ciddi şəkildə araşdırılmalıdır. “Çünki Azərbaycanda seysmik zonalar çoxdur və bu da AES-lə bağlı riskləri ortaya qoyur. Ona görə biz bu haqda ciddi düşünməliyik, sonra qərar verməliyik. Ancaq nəzərə almaq lazımdır ki, ilk növbədə böyük proses gedir. Söhbət "yaşıl enerji"yə keçiddən gedir. O baxımdan, ola bilsin ki, bu layihə baş tutmasın".
Deputat vurğuladı ki, düzdür, ABŞ-də və başqa ölkələrdə AES tikintisi geniş yayılmış üsuldur: “Sovet İttifaqı isə Çernobılı yaratmışdı. Ancaq indi bir sıra ölkələr ehtiyat edirlər. Məsələn, Yaponiyada sunami nəticəsində faciə yaşanmışdı. Ona görə çalışmaq lazımdır ki, "yaşıl enerji" texnologiyaları geniş istifadə olunsun və Azərbaycanda energetika bu yöndə inkişaf etdirilsin".
Hüquqşünas Qulamhüseyn Əlibəyli də qeyd edib ki, AES tikintisini adi qaydada həll etmək olar: “Referendum keçirilməsinə ehtiyac yoxdur. Bu məsələlər icra qaydasında həyata keçirilir. Referendum təklifi səslənə bilər, amma ehtiyac yoxdur”.
AES tikintisinə gəlincə, Q.Əlibəyli xüsusi zərurət görmür: “Enerji təhlükəsizliyi dünyada aktual məsələdir. İndiki dövrdə onun təhlükəsizliyini təmin etmək üçün müasir texnologiyalar da var. Amma belə bir layihənin Azərbaycanda reallaşmasına xüsusi ehtiyac yoxdur”.
Qeyd edək ki, 2026-cı ilin ilk rübünə dair məlumatlar da var. Əsasən, Azərbaycanda yaşıl enerji istehsalı artıb, 925 mln. kVtəst-dan çox yaşıl enerji istehsal edilib. Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji zonaları yaradılması və “Xəzər-Qara dəniz-Avropa” kimi beynəlxalq dəhliz layihələrinin genişləndirilməsi ilə yanaşı, Mərkəzi Asiya-Azərbaycan yaşıl enerji dəhlizi də strateji əhəmiyyət kəsb edir.
Azərbaycanda 4 reaktorlu AES layihəsi hazırlanıb. Hər reaktorun gücü 1000 MVt nəzərdə tutulub. O dönəmdə VVER tipli texnologiya seçilmişdi. Energetiklər üçün şəhərcik və infrastruktur artıq formalaşmağa başlamışdı. Lakin layihə həyata keçirilmədi. Çernobıl faciəsi və siyasi proseslər bu layihənin tamamlanmasına imkan vermədi.
Azərbaycan 2014-cü ildən etibarən nüvə tədqiqatlarına yenidən sistemli şəkildə qayıdıb. Həmin il Milli Nüvə Tədqiqatları Mərkəzi yaradılıb. Lakin 2021-ci ildə ləğv olunub.

Adil Qəribov
Mərkəzin sədri olmuş Adil Qəribovun fikrincə, Azərbaycan kimi ölkələr üçün nüvə stansiyası tikilərkən bir neçə amil əsas götürülməlidir: “Təhlükəsizlik və uzunmüddətli istismar təcrübəsi, texnologiyanı təqdim edən ölkə ilə strateji əməkdaşlıq, yanacaq təminatının sabitliyi nəzərə alınmalıdır”.
O, Azərbaycan üçün Rusiyanın VVER tipli 600 MVt-lıq reaktor modelini daha uyğun variant kimi qeyd edib: “Bu tip reaktorlar həm təhlükəsizlik, həm istismar, həm də yanacaq təminatı baxımından daha sınaqdan keçmiş sistemlərdir”. Alim hesab edir ki, Azərbaycanın enerji gələcəyi yalnız bərpa olunan mənbələrə deyil, həm də nüvə energetikasına əsaslanan balanslı model üzərində qurulmalıdır. Onun qənaətinə görə, bu sahə həm iqtisadi, həm elmi, həm də strateji baxımdan ölkə üçün yeni inkişaf mərhələsi aça bilər.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”